"Neftçi"nin hücumçusu Baqali Dabonun "Qarabağ"ın formasında yayılan videosunun səbəbi bilinib.
Apasport.az saytının məlumatına görə, fransalı forvard heç də Ağdam klubuna transfer olunmaq üçün bu addımı atmayıb.
Məsələ burasındadır ki, 32 yaşlı futbolçunun "ağ-qaralar"la müqavilə müddəti bu ayın sonuna qədərdir və rəhbərlik onu koronavirus pandemiyası səbəbindən uzanan mövsümün sonuna qədər saxlamaq niyyətindədir. "Apollon"la ilkin müqavilə bağlayan Dabo özü isə mövsüm bitməmiş - iyulun 1-də "Neftçi" ilə vidalaşmaq və dərhal yeni komandasının düşərgəsinə qoşulmaq istəyir.
Çünki "Apollon" tezliklə yeni mövsümün, eyni zamanda Avropa Liqasının hazırlıqları üçün təlim-məşq toplanışına başlayacaq. Kiprlilər Dabonun heyətə tez qoşulmasını, toplanış zamanı kollektivlə birgə olmasını istəyir. Futbolçu özü də karantin rejimində icazəsiz məşqdən video paylaşımının ardından bu cür intizamsız hərəkətlərlə "Neftçi" rəhbərliyini qəzəbləndirmək və iyunun sonunda problemsiz Bakı klubunu tərk etməyi planlaşdırır. Çox güman ki, “ağ-qaralar” bu gün onunla yolların ayrıldığını açıqlayacaq.
Qeyd edək ki, XX turdan sonra martda dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpası nəzərdə tutulub.