Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssisin məşqçilər korpusundakı həmyerlilərinin sayı dördə çatıb.
Köməkçi məşqçilər Benni Karbone və Klaudio Beluççi, oyunların analizi üzrə mütəxəssis Federiko Turritsianinin ardınca fiziki hazırlıq üzrə çalışdırıcı Alessandro Skayya da yığmamızda çalışacaq. O, millidə ümumilikdə beşinci italiyalı olacaq.
Bunu Skayyanın özü açıqlayıb: “Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venetsiya”da çalışmışam. Orada Valter Zenqanın baş məşqçiliyi dövründə birgə işləmişik”.