“Barselona”nın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.
Apasport.az saytının kluba yaxınlığı ilə bilinən “Mundo Deportivo” nəşrinə istinadən məlumatına görə, Niderland millisinin baş məşqçisi Ronald Kuman bu posta gətiriləcək.
Bildirilib ki, Kike Setyeni istefaya göndərən İspaniya təmsilçisi 57 yaşlı mütəxəssislə artıq razılıq əldə edib. Dünən Barselonaya yollanan Kuman rəhbərliklə 2 illik müqaviləni razılaşdırıb. Mütəxəssisin Niderland Kral Futbol İttifaqı ilə müqaviləsində yer alan bəndə əsasən, o, AVRO-2020-dən sonra “Barselona”nın sükanı arxasına keçə bilər. Kumanla hərtərəfli anlaşan kataloniyalılar niderlandlılarla bu yöndə danışıqları davam etdirir.
Qeyd edək ki, “Barselona”nın prezidenti Xosep Bartomeu baş məşqçisi Kike Setyenin istefaya göndərildiyini açıqlayıb. İdman direktoru Erik Abidalın da klubu tərk etməsi gözlənilir.