Eldəniz Əzizli: “Tikiş tikməyi çox sevirdim. Hətta parçaların üzərinə gül şəkli çəkib tikiş salırdım”
“Bir sutka yarıac, yarıtox hava limanında qaldıq”
“Sağ olsun, bir azərbaycanlı xanıma yaxınlaşdıq. Ona vəziyyəti başa saldıq. Bizi anlayışla qəbul elədi və 300 dollar verdi. Bu pulla birtəhər dolandıq”
O eyni ildə həm Avropa, həm də dünya çempionu olmaqla adını güləş tarixinə yazdırmağı bacardı. 1992-ci il aprelin 20-də dünyaya göz açan qəhrəmanımız hələ uşaq yaşlarından prinsipiallığı ilə həmyaşıdlarından fərqlənib. Bu fərqlilik onu karyerasında zirvələrə doğru aparıb. Ən böyük arzusu olimpiya çempionu olmaqdır. Ailəlidir. Əsma və Dəniz adlı iki qız övladı var. Dəfələrlə Avropa və dünya çempionumuz Eldəniz Əzizlinin “Şərq”ə verdiyi eksklüziv müsahibəsini təqdim edirik:
- Sizi bir az yaxından tanıyaq. Xasiyyətcə necə birisiniz?
- Yalanı sevən insan deyiləm. Əsəbiləşəndə isə əsəbim gec soyuyur. Məni tanıyanlar bilir ki, heç vaxt dostlarla çox oturmuram, vaxtımı boş keçirmirəm, əyləncəyə maraq göstərmirəm. Çalışıram ki, ailəmlə daha çox vaxt keçirim. Qəlyan çəkməyi, “play station” oynamağı isə heç sevmirəm. Bir sözlə, qapalı mühit mənlik deyil.
- Mütaliə etməyi çox sevinirsiniz...
- Bəli, doğrudur. Hobbim əslində kitab oxumaqdır. Demək olar ki, hər gün mütaliə edirəm. Elə gün yoxdur ki, etməyim. 5-6 il bundan öncə ərəb dilini öyrənmişəm. Xüsusilə, dini kitablara marağım var. Hazırda oxuduğum da dinlə bağlıdır. Bundan başqa tarixə aid kitablara da marağım var. Bir neçə gün bundan öncə “Güneydə və Doğuda Osmanlının Doğuşu” adlı tarixi əsəri oxumuşam. Ərəb dilində “Qurani-Kərim”i oxumağı da yaxşı bacarıram.
- Peşəkar idmançıların çoxu mömin olur? Bu nə ilə əlaqədardır?
- İdmançılar o qədər çətinliklər görürlər ki, ancaq səbr edərək uğur qazanırlar. Bu çətinliklər bizi inanclı olmağa gətirir. Həm də peşəkar idmançılar içkidən, əyləncələrdən uzaq olurlar.
- Hansı özəl qabiliyyətiniz var?
- Yaxşı futbol oynaya bilirəm. Bilirsiz ki, Şahin Diniyev dayımdır, yəqin genetik olaraq keçib (gülür). Bir də sizə bir sirr açım. Uşaqlıqdan tikişə marağım böyük olub. Tikiş tikməyi çox sevirdim. Hətta parçaların üzərinə gül şəkli çəkib tikiş salırdım.
- Uşaqlıqda necə biri olmusunuz?
- Çox dəcəl olmuşam. İpə-sapa yatan uşaq olmamışam. Bu səbəbdən də atam məni idmana yazdırıb. Karyeramda uğur qazanmağımda onun rolu daha çox olub. Düzdür, anam heç zaman istəməyib ki, idmançı olum. Daha çox oxumağımı istəyirdi, yaxşı uğur qazanacağıma inanırdı. Amma qismət elə oldu ki, idmanı seçdim. Şükür Allaha ki, heç bir peşmançılığım yoxdur.
- Həyatınızda ən yaxşı imzanı nə vaxt atmısınız?
- Ailə həyatı quran zaman (gülür). Bundan gözəl imza olar? Yoldaşımla qohumluğumuz çatır. Bizi bibim tanış eləmişdi.
- Övladlarınızın təlim-tərbiyəsi ilə ən çox kim məşğul olur?
- Bütün güc həyat yoldaşımın üzərinə düşür. Çox sağ olsun, məni anlayışla qəbul edir. Tez-tez xarici ölkələrdə səfərdə olduğumdan hər zaman onların təhsili ilə məşğul olur. İndi pandemiyaya görə uşaqlarımla daha çox vaxt bir yerdə oluram.
- Övladlarınızla necə vaxt keçirirsiniz?
- Pandemiya səbəbindən çölə çıxartmağa qorxuram. Amma evdə onların rahat əylənmələri üçün bacardığım qədər şərait qurmuşam. Böyük qızım Əsma “Quran” əzbərləməyi çox sevir. Ona dualar oxumağı öyrədirəm. Arada bir qızlarımla bir yerdə “Ninoya”, “Pepe” adlı cizgi filmlərini izləyirəm. Demək olar ki, onların baxdığı cizgi filmlərin adlarını əzbər bilirəm.
- Onlar böyüyəndə hansı sənətin sahibi olmaqlarını istəyirsiniz?
- İstərdim ki, həkim olsunlar. Amma böyük qızım anası kimi müəllimə olmaq istəyir. İnşallah, hansı sənəti seçərlərsə, onlara dəstək olmağa çalışacağam. Əsas seçdikləri sənətin peşəkarı olsunlar.
- Bəs boş vaxtlarınızda hansı filmləri izləyirsiniz?
- Düzü deyim ki, filmlərə baxmağa marağım yoxdur. Dostlarım hansısa filmi tərifləyərsə, bəzi hallarda həmin kinoları izləyirəm.
- Musiqiyə marağınız var?
- Son illərdir, musiqiyə qulaq asmıram. “Quran”a qulaq asıram.
- Hansı ətirdən istifadə etməyi sevirsiniz?
- Uşaqlıqda “Salvador” ətrini xoşlayırdım. İndi isə “Channel Blue”dan istifadə edirəm.
- Geyimlərdə ən çox nəyə üstünlük verirsiniz?
- Peşəmlə bağlı olaraq hər zaman idman geyimində oluram. Bəzi vaxtlar klassik geyimdən istifadə edirəm. Çalışdığım qədər keyfiyyət baxımından brend geyimlərini alıram. Ən çox xoşladığım firma “Adidas”dır. Amma “Lacoste”nin geyimlərini də alıram.
- Xoşunuza gələn hər hansısa aksesuarınız var?
- Saat taxmağı çox xoşlayıram. Sport da, klassik də xoşuma gəlir. İndi "Al-Facr" saatını istifadə edirəm. Səudiyyə Ərəbistanın saatıdır. Həm qibləni, həm də namazın vaxtlarını göstərir. Xaricdə səfərdə olduğum zaman hər zaman yanımda olur.
- Yemək menyunuzda ən çox nəyə diqqət yetirirsiniz?
- Menyuda çörəkdən az istifadə edirəm. Səhər yeməyində yumurta, bal, qaymaq yeyirəm. Qreçka, makaron, ətdən çox istifadə edirəm. Çünki bunlar idman yeməkləridir. Ümumiyyətlə, Azərbaycan və Türkiyə mətbəxini çox sevirəm. Türk mətbəxində şirniyyata üstünlük verirəm. Bir çox ölkələrdə səfərdə olmuşam, amma Azərbaycan mətbəxini heç bir ölkənin mətbəxinə dəyişmərəm. Üç bacı dolmasını və əriştəni xüsusilə xoşlayıram. Bir də mövsümi meyvələrdən istifadə etməyi xoşlayıram. Yemək hazırlamağı da sevirəm. Aş dəmləyə bilirəm (gülür).
- 2018-ci il karyeranızın ən yüksək zirvəsi oldu...
- Bəli, həmin il mənim üçün çox uğurlu oldu. Həm Avropa, həm də dünya çempionu oldum. Bildiyiniz kimi, məndən öncə bu uğura Həsən Əliyev sahib olmuşdu.
- Yarışlar zamanı başınıza gələn ən maraqlı hadisəni danışardınız.
- Uşaqlarla təyyarə ilə Ukraynaya yarışa getmişdik. Kiyevdən, ordan da Zaporojyaya. Geri dönüşdə təyyarənin vaxtını səhv saldıq. Elə bildik ki, təyyarə gecə 12-də çıxır, amma sən demə, günorta 12-də çıxırmış. Bu səbəbdən vaqona da bileti səhv almışdıq. Uşaqlarla dedik ki, vaxtımız var, bir az şəhəri gəzək. Hava limanına gedəndə bizə bildirdilər ki, təyyarə çoxdan gedib. Ən yaxın təyyarə isə bir gündən sonra uçacaq. Məcbur olub 24 saat hava limanında qaldıq. Ölkəmizə qayıdırdıq deyə, artıq üzərimizdə də az miqdarda pul var idi. Uşaqlarla bütün olan pullarımızı topladıq cəriməmizi ödədik. Bir sutka yarıac, yarıtox orda qaldıq. Bilirsiniz ki, hava limanında hər şey od qiymətinədir. Nə isə, sağ olsun, bir azərbaycanlı xanıma yaxınlaşdıq. Ona vəziyyəti başa saldıq. Bizi anlayışla qəbul elədi və 300 dollar verdi. Bu pulla birtəhər dolandıq.
- Artıq neçə aydır ki, pandemiya səbəbindən idmanla məşğul ola bilmirsiniz...
- Bəli. Beş aydan çoxdur ki, əvvəlki səviyyədə məşqlərimizi edə bilmirik. Düzdür, evdə edirik. Amma bu da təbii ki, peşəkar məşqlərin yerini vermir. Biz evdə texnik, taktiki güləş proqramlarını keçmədiyimizə görə, hazırda yarışlarda güləşəcək səviyyədə deyilik. Çalışıram ki, formada qalım. Təbii ki, pandemiya səbəbindən bir az formamı itirmişəm, yəni bu, hazırda bütün idmançılar üçün yaşanan problemdir. Bərpa prosesi üçün mənə 2-3 ay lazımdır.
- Müsahibələrinizin birində idmançılardan Rəsul Çunayevə paxıllıq etdiyinizi bildirmisiniz...
- (gülür.) Təbii ki, yenə də ona paxıllıq edirəm. Onunla həm qrup yoldaşı, həm də əsgərlikdə bir yerdə olmuşuq. Hazırda da qonşuyuq. Təəssüflər olsun ki, onda Olimpiya medalı var, məndə isə hələki yoxdur. Olimpiya medalına görə ona paxıllıq edirəm.
- Necə düşünürsünüz, Olimpiya çempionu olmaq üçün sizin potensialınız var?
- Özümdə o potensialı hiss edirəm. Amma hər il keçdikcə bizim ziyanımıza işləyir. Yarışlar nə qədər tez başlasa, bir o qədər biz idmançılar üçün yaxşı olar. İnşallah, inanıram ki, həyat tezliklə öz axarına düşəcək. Yarışların başlayacağı günü səbirsizliklə gözləyirəm.