Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sabah"a qalib gələrək liderliyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Sabah" "Qəbələ"ni qəbul edib. Masazırdakı "Bank Resbublika Arena"da keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qırmızı-qaralar"ın heyətində qolları 53-cü dəqiqədə Yaovi Akakpo, qarşılaşmanın əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə Ülvi İsgəndərov vurublar.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Qəbələ" liderliyə yüksəlib. 3 turdan sonra xalı olmayan "Sabah" isə sonuncudur. Paytaxt təmsilçisi cari mövsümdə qol da vura bilməyib.

Qeyd edək ki, günün digər oyununda "Keşlə" və "Zirə" komandaları üz-üzə gələcəklər. Tura sentyabrın 12-də oynanılacaq "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" matçları ilə yekun vurulacaqa.