"Real Madrid" son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas olub

Yanvarın 23-də İspaniya La Liqasında 22-ci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Real Madrid" klubu öz meydanında "Elçe" komandasını qəbul edib.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2. Oyunun 42-ci dəqiqəsində hesabı qonaqlar açıb. Lukas Boye fərqlənib. Fasilədən sonra görüşün 76-ci dəqiqəsində "Elçe" hesab arasındakı fərqi iki topa çatdırıb. Pere Milye komandasının vacib qolunu vurub. Buna baxmayaraq "Real Madrid" ardıcıl iki top vuraraq məğlubiyyətdən xilas olub. Luka Modriç (82) və Eder Militao (92) fərqləniblər.

Bu nəticədən sonra "Real Madrid" xal ehtiyatını 50-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. "Elçe" isə 23 xalla 15-ci yerdə qərarlaşıb.