Beynəlxalq Şahmat Federasiyasının (FIDE) oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
Trend FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) 58-ci yerə yüksəlib.
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun mövqeyi dəyişməyib. 36 yaşlı qrossmeyster 2745 xalla 14-cü pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov (2734) isə 1 pillə geriləyərək, 17-ci sıraya enib. Qədir Hüseynov isə reytinq cədvəlini tərk edib.
Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2839) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2786), üçüncü sırada isə çinli Din Liren (2780) yer alıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 30-cu, Ülviyyə Fətəliyeva (2393) 56-cı, Gövhər Beydullayeva (2383) 66-cı, Gülnar Məmmədova (2346) isə 100-cü sırada qərarlaşıb.