Qurban Qurbanov: “Hakken”lə oyunda üç xal qazanmaq istəyirik”

“Bu görüşdə üç xal qazanmaq istəyirik. Amma bir xal da bizə sərf edə bilər”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçdə yerli “Hakken” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis hər iki komanda üçün vacib qarşılaşma olduğunu bildirib:

“Biz də bunu çox gözəl başa düşürük. Rəqibin özünəməxsus oyun üslubu var. Onlara qarşı həddindən artıq diqqətli olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Nəticə üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Qurbanov matçda baş verə biləcək mümkün təxribata da toxunub:

“Dəfələrlə bunun şahidi olmuşuq. Futbolçularla daim bu yöndə söhbətimiz olur. Çünki Azərbaycanı təmsil edirik və klub olaraq özümüzü intizamlı aparmaq istəyirik. Bu o demək deyil ki, kimdənsə qorxuruq və ya çəkinirik. Sadəcə, idman prinsiplərinə uyğun davranmağa və ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Meydanda və kənardakı davranışımız çox vacibdir. Lazım olanda təxribatlara öz reaksiyalarımızı da veririk”.

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.