Kolumbiyalı müğənni Şakira təxminən 15 milyon avro vergidən yayındığına görə bir müddətdir ki, İspaniyada mühakimə olunur. İspaniya prokurorları məşhur müğənninin 2012-2014-cü illər arasında 14,5 milyon avroluq vergidən yayındığı iddiası ilə 8 il 2 ay həbs cəzası istəyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, məşhur ad daha əvvəl “İşdə özümü müdafiə etmək üçün kifayət qədər dəlillərimin olduğu və ədalətin mənim tərəfimdən təmin olunacağına inanıram” ifadəsini işlətsə də, o, Barselona Əyalət Məhkəməsində dünən baxılan işdə vergidən yayındığını etiraf edib.
Məhkəmə mənbələrindən əldə edilən məlumatlarda, 2012-2014-cü illər arasında İspaniyada yaşadığı dövrlə əlaqədar 6 müxtəlif cinayətə görə xəzinədən 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakiranın 2,9 milyon avroluq cəza ödəməyə razı olduğu ortaya çıxıb.
İclasdan sonra verdiyi ifadəsində ifaçı əslində günahsız olduğunu və bunu sübut etmək üçün uzun müddət çalışmaq variantının olduğunu, lakin iki oğlunu nəzərə alaraq bunu etmədiyini və sövdələşməyə üstünlük verdiyini bildirib.
Şakiranın vergidən yayınma işi üzrə vəkili Pau Molins baş verənlərdən sonra diqqətçəkən açıqlama verib. Bir radio kanalına danışan Molins, iddia edib ki, müğənninin Pike ilə sevgi yaşaması üç əvəzinə altı vergidən yayınma ittihamı ilə ittiham olunması ilə nəticələnib.
Hüquqşünas İspaniyada tətbiq olunan vergi qanunlarının ölkənin bütün regionları üçün bərabər olmadığını bildirib. O, Madriddə yaşayanların sərvət vergisi ödəmədiyini, lakin bu verginin İspaniyanın Kataloniya bölgəsindəki Barselonada yaşayan insanlardan alındığını vurğulayıb.
Pau Molins, Şakiranın Barselonada yaşayan Pike ilə deyil, Madriddə yaşayan və "Real Madrid"də oynayan Serxio Ramosla eşq macərası yaşasaydı, 120 milyon avro qazanacağını iddia edib və əlavə edib:
"Şakiranın eşq macərası ona 120 milyon avroya başa gəlib. Əgər Şakira Pikeyə deyil, əvəzinə Serxio Ramosa aşiq olsaydı, bu ona çox ucuz başa gələcəkdi. Bütün ispanların bərabərliyindən danışırlar. Ancaq görünür ki, Kataloniya sakinisinizsə, sizi həbs edə bilməyəcəkləri bir cinayətə görə Madriddə dəmir barmaqlıqlar arxasına keçə bilərsiniz".