Millimizə QURBAN… - Yerli məşqçi sədaları yüksəlir - SORĞU

Azərbaycan millisində Canni De Byazi dövrü başa çatdı. Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında qəbul edilib.
Müqaviləsi bu ayın sonunadək olan 67 yaşlı italiyalı mütəxəssisin yığmamızda işlədiyi dövr və verdiyi nəticələr böyük suallar doğurur.
Onun rəhbərliyi ilə 39 görüşdə cəmi 10 qələbə qazanan və son olaraq belçikalılara 0-5 hesabı ilə uduzan komandamız AVRO-2024-ün seçmə mərhələsində qrup 4-cüsü oldu.
Bu matçdan sonra Canni De Byazinin jurnalistlərimizə hörmətsizliyi isə səbir kasasını daşırdı və məşqçinin öz istəyi də nəzərə alınmaqla onun müqaviləsinin yenilənməməsi qərara alındı.

Hazırda isə hər kəsi yalnız bir sual maraqlandırır. Millimizin yeni baş məşqçisi kim olmalıdır?

"Sherg.az" bu sualla idman jurnalistlərinə müraciət edib. 

Sənan Şəfizadə: Tanınmış idman jurnalisti

- Milli yerli məşqçiyə tapşırılmalıdı. Ondan seçmə mərhələ üçün plan tələb edilməlidir. Amma təyin olunan şəxsə müəyyən vaxt vermək lazımdır. İlk iki ildə xüsusi hədəf olmamalıdı. Yalnız milli komandanın formalaşdırılması əsas prioritet hədəf olaraq müəyyənləşdirilməlidir. Azərbaycanda mənim fikrimcə Qurban Qurbanov, Rəşad Sadıqov, Elmar Baxşıyev və adını çəkmədiyim bir neçə  güclü mütəxəssislərimiz var. Millini onlardan birinə tapşırsınlar. Bir şərtlə ki, işlərinə müdaxilə olunmasın. Tapşırıq, dost-qardaş xahişi olmasın və baş məşqçi bütün qərarları şəxsən özü qəbul etsin.

Ağa Dadaşzadə: İdman jurnalisti

-Milli komandanın baş məşqçi postuna  azərbaycanlı mütəxəssis gəlsə yaxşı olar. Hazırda “Milan”ın canlı əfsanəsi Alessandro Nestanın gəlmə ehtimalı var. Amma onun gəlməsi də bizə əminliklə uğurlu olacağını deməyə əsas vermir. Azərbaycan millisinin əsas problemi baş məşqçi problemi deyil. Azərbaycan futbolunda sistem dəyişdirilməlidir.

Daşqın Əziz: Offsideplus.az saytının redaktoru

- Bu sual hazırda Azərbaycanın futbol ictimaiyyətində ən çox müzakirə olunan mövzudur. Canni de Byazi yola salındıqdan sonra gözləntilər yerli mütəxəssislərdən yanadır. İllərdir bu barədə yazılır, təkliflər irəli sürülür. Fəqət AFFA rəhbərliyi yenə də xarici çalışdırıcıları millinin "sükanı arxasına" gətirir. Açığı, yenidən Azərbaycan yığmasının baş məşqçi postunun xarici, özü də yenə italyan baş məşqçiyə (Alessandro Nesta) həvalə olunacağı barədə məlumatlar tirajlanır. Lakin mən də milliyə yerli mütəxəssis gətirilməsinin tərəfdarıyam. Təbii ki, ilk növbədə ağla yenidən Qurban Qurbanov gəlir, amma bu inandırıcı görünmür. Hazırda ölkə çempionatında püxtələşmiş, adından söz etdirən bir çox məşqçi var. Məsələn, Samir Abassov, Tərlan Əhmədov,  Ayxan Abbasov, Rəşad Sadıqov, Azər Bağırovu bu siyahıya aid edə bilərik. Əgər federasiya rəhbərliyi yerli mütəxəssislərdən birinə şans tanıyacaqsa, namizədim Samir Abasovdur.

Vüqar Nəzərov: İdman Tv-nin baş redaktoru

- Qurban Qurbanovun qısa bir dönəmini nəzərə almasaq son illərdə milli komandamızın baş məşqçisi əsasən əcnəbi mütəxəssilər olub. Onların heç birini  uğurlu hesab etmək olmaz.  Berti Foqtsun dövründən başlayaraq Robert Prosineçki, Nikola Yurçeviç və ən son  3 ildən bir qədər artıq vaxtdır ki, Canni de Byazi millini çalışdırmış xarici baş məşqçilərdir. Əcnəbi mütəxəssislər bu dövrlər ərzində çox kiçik, bir neçə oyunluq uğurlar əldə ediblər. Bu uğurları yerli mütəxəssislərimiz də əldə edə bilərlər. Hazırda Azərbaycan çempionatına nəzər yetirdikdə işini bacaran çoxsaylı yerli baş məşqçilərin olduğunun şahidi oluruq. AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlamasında Azərbayacan mentalitetinə uyğun baş məşqçi olması məsələsini qabardıb. Görünür AFFA-da yerli baş məşqçilərin namizədliyini nəzərdən keçirmək niyyətindədir. Bu, tamamilə doğru addım olardı. Hesab edirəm ki, milli komandamıza yerli baş məşqçi əcnəbi mütəxəssilərdən daha çox fayda verə bilər.

Kənan Həkimov: İctimai Televiziyanın İdman departamentinin rəhbəri

"Azərbaycan millisinin baş məşqçi vəzifəsinə gənc, enerjili və uğurlara ac olan bir mütəxəssis gətirilməlidir.   Ümumiyyətlə biz son dövrlər baş məşqçi postuna gətirilən mütəxəssislərə baxdıqda əksəriyyətinin yaşlı mütəxəssilər olmasının şahidi oluruq. O mütəxəssislərin bura gəldikdə  motivasiyası yaxşı maaş olur. Bu baxımdan karyerası irəlidə olan şəxslərə güvənmək lazımdır. Bəlli bir planı və strategiyası olan mütəxəssislər lazımdı. Yerli və yaxud əcnəbi prinsipiallığı əhəmiyyət kəsb etmir. Amma yerli mütəxəssislərdən ən layiqli namizəd olaraq Qurban Qurbanovun adını çəkə  bilərəm.