Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinə yekun vurulub.
Dünən təmsilçimiz "Qarabağ" son oyununa çıxıb. Qurban Qurbanovun rəhhəbrlik etdiyi kollektiv İsveçin "Hekken" klubunun qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tuta görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 10-a yüksəldən "Qarabağ" qrupu ikinci pillədə tamamlayıb. Bu, Azərbaycan futbolu tarixində ilkdir. İndiyə kimi heç bir klubumuz Avropa Liqasında qrupdan çıxmağı bacarmayıb.
Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Bu raundun püşkü dekabrın 18-də atılacaq. Oyunlar isə 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.
Ağdam təmsilçisinin qrupdan çıxması və mümkün rəqibləri barədə fikirlərini “Sherg.az” la bölüşən təcrübəli futbol mütəxəssisi, baş məşqçi Tərlan Əhmədov bildirib ki, Qarabağın qrupdan çıxması çox sevindirici bir haldır:
“Molde ilə səfərdə 2-2 bərabərlikdən sonra Qarabağ demək olar ki, hər şeyi həll etmişdi. Geriyə sadəcə evdə Hakkenə qalib gəlmək qalırdı ki, Ağdam klubuda bu işin öhdəsindən layiqincə gəlməyi bacardı. Qarabağ evdə keçirdiyi bütün oyunları çox yüksək səviyyədə keçirir. Qalibiyyət gözlənilən idi və belə də oldu. Qarabağın qrupdan çıxması ölkə futbolunun inkişafı adına böyük naliyyətdir”.
T.Əhmədov qrupdan sonrakı mərhələdəki rəqiblərə gəldikdə isə, artıq zəif rəqibin olmadığını vurğulayıb:
“Çempionlar Liqasında qrupu 3-cü yeri başa vuran rəqib səviyyə baxımından zəif hesab edilə bilməz. Mümkün rəqiblərin hər biri yüksək səviyyədə futbol nümayiş etdirən komandalardır. Qarabağın bu mərhələdə Qalatasarayla düşməsini heç istəmirəm. Hər iki komandanın rəqiblərini üstələyərək üst tura çıxmasını arzulayıram. Olası rəqiblər arasından ən münasibinin Şaxtyor olduğunu düşünürəm. Ukrayna təmsilçisi ilə Qarabağ bir neçə dəfə yoxlama görüşü keçirib. Düşünürəm ki, onlara qarşı nəyəsə nail olmaq mümkündür”.