Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Axar.az xəbər verir ki, açılış oyununda "Səbail" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hər üç qol penaltidən vurulub. Hesabı 13-cü dəqiqədə Ağdam təmsilçisinin heyətində Toral Bayramov açıb. Yassin Benzia 59-cu dəqiqədə ikinci topu rəqib qapısından keçirib. 66-cı dəqiqədə “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev rəqib futbolçuya qarşı kobudluqdan sonra qırmızı vərəqə ilə meydandan qovulub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən "dənizçilər"in yarımmüdafiəçisi Pedru Nunu fərqi minimuma endirib. Baş hakim Cavid Cəlilov 90+5-ci dəqiqədə dördüncü dəfə penalti nöqtəsini göstərsə də, Toral Bayramov fürsəti boşa verib. Onun zərbəsi qeyri-dəqiq alınıb.
Bu nəticələrdən sonra xallarını 50-yə yüksəldən "Qarabağ" turnir cədvəlində liderliyini möhkəmlədib. "Səbail" isə 27 xalla beşinci pillədə qərarlaşıb.
Günün son matçında “Sabah” “Turan Tovuz”u qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.
Qeyd edək ki, turun digər oyunları fevralın 4-5-də keçiriləcək.