AFFA-nın vitse-prezidenti: “Legioner limitini dəyişmək indiki məqamda tezdir”

“Legioner limitini dəyişmək indiki məqamda tezdir”.
Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Klublar Komitəsinin son iclasında legioner limitinin "8+3" sisteminə uyğun dəyişdirilməsi məsələsinin müzakirə olunmasına münasibət bildirərkən deyib.
64 yaşlı mütəxəssisin fikrincə, legioner limitini artırmaq üçün ilk növbədə buna zəmin yaratmaq lazımdır: “Vahid sistem formalaşdıqdan sonra limiti müzakirə edə bilərik. Buna qədər kompleks şəkildə görülməli işlər çoxdur. Nə vaxtsa limit də müzakirə mövzusu olacaq. Yerli futbolçular üçün bir qapını bağlayanda, digər qapıları açmalıyıq. Komanda, liqa sayı çoxalmalıdır. Vahid sistem təkmilləşdikdən sonra limiti dəyişmək olar. Hazırkı məqamda limit dəyişikliyinin necə təsir göstərəcəyini proqnozlaşdıra bilmərik. Aşağıdan gələn və futbolun inkişafına təkan verəcək çox məsələlər var”.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında limit "7+4" şəklindədir.