Qurban Qurbanovun "Bayer"ə qarşı fərqli gedişləri olacaq  - ANALİZ

Avropa Liqasının 1/8 finalında keçirləcək "Qarabağ"-"Bayer"lə oyunlarının başlama saatı məlum olub. Komandalar arasında ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.
Cavab oyunu martın 14-də Leverkuzendəki "BayArena" stadionunda keçiriləcək və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.
 Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.
Bəs görəsən , komandamız rəqibin güclü olmasına baxmayaraq, bizi sevindirməyə davam edə biləcək?

Məsələyə münasibət bildirən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov “Sherg.az”a söyləyib ki, ilk oyunun ölkəmizdə keçirilməsi üstünlükdür: 


“Komandamız sonuncu dəfə "Bayer Leverkuzen" ilə mükəmməl mübarizə apardı. Ədalətli nəticə olaraq oyun barəbər yekunlaşa bilərdi. Ancaq son anda penalti verilərək qapıya qol vuruldu. Bu vəziyyət oyunun gedişatına uyğun deyildi. Təəssüf ki, baş tutacaq qarşılaşmada Elvin Cəfərquliyev qırmızı kart aldığına, Julio Romao isə sarı kart limitini aşdığına görə iştirak etməyəcək. Təbii ki, bunlar mənfi məqamlardır. İnanıram ki, komandamız rəqibinə layiqincə müqavimət göstərəcək və adıçəkilən futbolçuların yoxluğunu hiss etdirməməyə çalışacaq. Qurban Qurbanov hər bir oyunçusunun matça kökləməyi bacaran təcrübəli mütəxəsisdir. Püşkatmada "Bayer" deyil, "Reyncers" kimi bir komanda düşsə idi, fərqli yanaşmaq olardı. Lakin etiraf edək ki, hazırda "Bayer Leverkuzen" Avropanın ən yaxşı komandalarından biri hesab olunur və məğlubiyyətsiz oyunlar nümayiş etdirir. Xabi Alonsa əla komanda formalaşdırıb və məşqçilik kariyerasının ən yaxşı dönəmləridir. Həttə onun növbəti mövsümdən "Bavariya"-ya keçəcəyi gözlənilir. Onlar əlindən gələni edəcəklər ki, bu mövsüm hər 3 turnirdə qalib gəlsinlər. Bundesliqada artıq çempionluğa çox yaxındılar, Avropa liqasında da qələbəyə əsas namizədlərdən biridilər. Ümid edirəm ki, "Qarabağ" mərhələni atlaya bilməsə də "Bayer"-in məğlubedilməz seriyyası məhz, Bakıda sonlandırılacaq".

Rəqibin olduqca güclü olduğunu deyən İdman Tv-nin baş redaktoru Vüqar Nəzərov bildirib ki, "Bayer Leverkuzen"  püşkatmada ən arzuolunmaz rəqiblərdən biri idi desək, yanılmarıq:   
                                                                
“Təəssüf ki, bu da "Qarabağ"-ın bəxtinə düşdü. Biz hər zaman komandamıza inamışıq və indi də oyunçularımızın əlindən gələnin ən yaxşısını edəcəyinə güvənimiz sonsuzdur. Ancaq reallığı nəzərə alsaq, "Bayer" bundesliqanın lideridir və məğlubedilməz seriyanı davam etdirir. Bu komanda ilə iki dəfə qarşılaşmağmıza baxmayaraq, oyun nəticəsinin qrup mərhələsində 0:6 hesabı ilə məğlub olduq. Fikrimcə, Qurban Qurbanovun da "Bayer Luverkuzen" ə qarşı fərqli gedişləri olacaq. İlk oyunun Bakıda keçirilməsi yaxşı haldır. Ona görə ki, belə bir güclü rəqiblə səfərdə oyun keçirilsə, məğlubiyyət oyunçulara psixoloji təsir göstərə bilər. Əvvəlcədə hesab barədə şərh vermək qeyri-mümkündür. Söhbət futboldan gedir və bacardıqca daha yaxşı hazırlanıb oynamaq lazımdır. "Braqa" ilə oyun bir daha sübut etdi ki, "Qarabağ" güclü komandaları da məğlub etmək potensialındadır".