“Qarabağ”ın Avropa Liqasında inamlı çıxışı kluba olan diqqəti birə-beş artırıb. Portuqaliya “Braqa”sını sıradan çıxarmasından sonra, 34 oyundur məğlubiyyət üzü görməyən “Bayer”i ilk hissədə 2:0 hesabı ilə məğlub etməsi, Almaniya təmsilçisinin yenilgidən son anda qurtulması Qurban Qurbanovun komandasını bir daha ön plana çıxarıb. Bu mənada bır sıra nəşrlər “Qarabağ”ın möcüzəvi çıxışına yer ayırıb, o cümlədən ölkə xaricindən Ağdam klubu ilə bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşımlar edilib. Bu paylaşımlarda Qurban Qurbanovun əməyi də yüksək qiymətləndirilib. Sosial şəbəkələrin Türkiyə seqmentində Qurbanovun İstanbul nəhənglərini çalışdırmaq potensialına sahib olduğu da vurğulanıb. Azarkeşlər təcrübəli mütəxəssisi “Qalatasaray”, “Fənərbağça”ya istəyiblər. Bundan başqa, son çempionun hücumçusu Juninyo da diqqətdənkənar qalmayıb. Onun tezliklə yaxşı qiymətə transfer ediləcəyi ehtimal edilib.
Məsələyə münasibət bildirən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov “Sherg.az”a söyləyib ki, yayda "Qarabağ" üçün bu heyəti qoruyub saxlamaq çətin olacaq:
"Braqa" ilə Bakıdakı dramatik oyun və məğlubedilməz "Bayer"lə 2:2 hesablı nəticə "Qarabağ"a Avropada marağı kifayət qədər artırıb. Bu baxımdan bu gün "Qarabağ"ın futbolçularının xüsusi ilə də Juninyonun adının bir sıra klublarla yanaşı çəkilməsi normaldır. Amma digər tərəfdən klub transferlərdən milyonlarla avro qazana bilər. Qurban Qurbanova gəlincə, ona öncədən də ölkə xaricindən təkliflər gəlib. Amma özü dəfələrlə qeyd edib ki, onun üçün "Qarabağ" adının mənəvi yükü, məsuliyyəti əhəmiyyətlidir. Nə vaxtsa Qurbanovun ölkə xaricində işləməsini izləmək maraqlı olar. Bu həm də təcrübəli mütəxəssis qarşısında yeni bir çağırış hesab olunur".
K. Hakimov vurğulayıb ki, indiki məqamda Qurbanovun "Qarabağ"dakı işini davam etdirməyi üstün tutacağını düşünür:
"Çünki bu komandanın inkişafı son illər daha da sürətlənib. Fikrimcə, Qurban Qurbanov qarşıdakı 2-3 il ərzində "Qarabağ"ı bundan da böyük hədəflərə çatdıra bilər. Azarkeşlərin simpatiyası olsa da, bildiyim qədəri ilə “Qalatasaray”, “Fənərbağça”-dan "Qarabağ"a hər hansı rəsmi təklif olmayıb. Bu baxımdan fikir yürütmək düzgün olmazdı ".