"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç "Vijesti.me" nəşrinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi həm Avropa Liqasının 1/8 final mərhələsinin matçlarından - "Bayer Leverkuzen"lə oyunlardan (2:2, 2:3), həm ölkəmizdən, həm də komandanın braziliyalı hücumçusu Olavio Juninyonun aldığı təkliflərdən danışıb:
"Kriteriyalarımız bərabər olsaydı, daha da irəli gedərdik. Keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik. Demək olar ki, Azərbaycan çempionluğunu təmin etmişik. Ümidvaram ki, növbəti mövsümdə avrokubokdakı nəticəni təkrarlayacağıq. Hətta daha böyük işlər görəcəyik. Avropa reytinqində Azərbaycanın əmsalı aşağıdır. Çünki yalnız "Qarabağ" nəticə verir. Ona görə Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəyə başlayacağıq.
Azərbaycanda hər şey əladır. Temperaturu bəyənirəm. Əvvəllər "Legiya" da mənim üçün əla idi, amma mənfi 10 dərəcədə oynamağı heç sevmirdim. Bundan başqa, burada rus dilində daha çox danışırlar. Azərbaycan dili isə hədsiz dərəcədə çətindir. Bəzən məşqdə ingilis dilindən istifadə edirik. Ümumi ab-hava əladır, heç bir anlaşılmazlıq yoxdur. Çünki Qurban Qurbanov Avropada artıq böyük addır. Biz ənənəvi Monteneqro ailəsi kimiyik, burada fikirlər eşidilir, lakin heç kim məşqçinin son sözünü inkar etmir (gülür).
Obyektiv olaraq Juninyo komandanın ən yaxşı oyunçusudur. Düzdür, heç kim "Qarabağ"dan ayrılmaq istəmir. Amma onu saxlamaqla bağlı çətinlik çəkəcəyik".