"Futbol meydandan kənarda da oynanılır. AFFA, federasiyalar, media, sponsorlar, hamımzı əl-ələ verib, Azərbaycan futbolunu daha da yüksəklərə qaldırmalıyıq".
Bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf AFFA-nın bu gün keçirilən konfrasında çıxışı zamanı deyib.
"Azərbaycan həm də idman ölkəsi kimi tanınır. İdmançılarımız Olimpiya oyunlarında, Avropa, dünya çempionatlarında ölkə prezidentimizin siyasəti nəticəsində uğurla çıxış edir. Futbolda da irəliləmək üçün böyük imkanlar mövcuddur. Birlikdə çalışmalıyıq. Öncə hədəflərimizi müəyyənləşdirməliyik. Qısa müddətdə yeni strategiyanı hazırlayacağıq. Biz hər an bilməliyik ki, düz yoldayıq, qoyduğumuz məqsədə çata biləcəyik. Strategiya ilə hədəflərə çatacağımıza inanıram. Uşaq futbolunun inkişafına böyük diqqət verməliyik. Gənc istedadları müəyyənləşdirib, onların millidə uğurlu çıxışlarına töhfə verməliyik. Azarkeşlərin stadionlara cəlb edilməsi, futbolun populyarlaşmasına nail olmalıyıq. Avrokuboklarda gördüyümüz azarkeş sayını çempionatımızda da görmək istəyirik. Azarkeşlərlə, sponsorlarla, teleyayım şirkətlərlə işləyərək buna nail ola bilərik. Teleyayım keyfiyyətinin inkişafının artırılmasını önəmli hesab edirik. Qadın futbolunun inkişafını daha da artıracağıq. Uğurlu çıxışların davamlı olması üçün hər bir şəraiti təqdim edəcəyik. Ölkəmizdə futbola maraq böyükdür. Amma bu marağı stadiona gələn azarkeşlərin sayında görmək istəyərdik. Futbolla məşğul olanların sayının artmasını görmək istəyirik. Bir günün işi deyil. Zəhmət, zaman tələb edir. Hamının fəxr və qürurla qeyd etdiyi klub uğurlarımız, zaman və səbrdən irəli gəlir. Millimizin 113-cü yerdə olması heç birimizi qane etmir. Ümid edirik ki, bütün qurumlarla çalışaraq hədəflərə nail olacağıq. Etimada görə təşəkkür edirəm.”