Bu gün AFFA-nın yeni prezidenti seçilib. Trend İdman.biz-ə istinadən xəbər verir ki, qurumun yeni rəhbəri AFFA-nın Növbəti Hesabat-Seçki Konfransında bəlli olub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf assosiasiyanın rəhbəri seçilib. O, AFFA-nın tarixində 4-cü prezidenti olub. Qeyd edək ki, Konfransda İcraiyyə Komitəsinin üzvləri və vitse-prezidentlər də seçiləcək. AFFA-nın yeni prezidenti Rövşən Nəcəf AFFA-nın bu gün keçirilən konfrasında çıxışı zamanı deyib ki, Futbol meydandan kənarda da oynanılır:
"AFFA, federasiyalar, media, sponsorlar, hamımzı əl-ələ verib, Azərbaycan futbolunu daha da yüksəklərə qaldırmalıyıq. "Azərbaycan həm də idman ölkəsi kimi tanınır. İdmançılarımız Olimpiya oyunlarında, Avropa, dünya çempionatlarında ölkə prezidentimizin siyasəti nəticəsində uğurla çıxış edir. Futbolda da irəliləmək üçün böyük imkanlar mövcuddur. Birlikdə çalışmalıyıq. Öncə hədəflərimizi müəyyənləşdirməliyik. Qısa müddətdə yeni strategiyanı hazırlayacağıq. Biz hər an bilməliyik ki, düz yoldayıq, qoyduğumuz məqsədə çata biləcəyik. Strategiya ilə hədəflərə çatacağımıza inanıram. Uşaq futbolunun inkişafına böyük diqqət verməliyik. Gənc istedadları müəyyənləşdirib, onların millidə uğurlu çıxışlarına töhfə verməliyik. Azarkeşlərin stadionlara cəlb edilməsi, futbolun populyarlaşmasına nail olmalıyıq. Avrokuboklarda gördüyümüz azarkeş sayını çempionatımızda da görmək istəyirik. Azarkeşlərlə, sponsorlarla, teleyayım şirkətlərlə işləyərək buna nail ola bilərik. Teleyayım keyfiyyətinin inkişafının artırılmasını önəmli hesab edirik. Qadın futbolunun inkişafını daha da artıracağıq. Uğurlu çıxışların davamlı olması üçün hər bir şəraiti təqdim edəcəyik. Ölkəmizdə futbola maraq böyükdür. Amma bu marağı stadiona gələn azarkeşlərin sayında görmək istəyərdik. Futbolla məşğul olanların sayının artmasını görmək istəyirik. Bir günün işi deyil. Zəhmət, zaman tələb edir. Hamının fəxr və qürurla qeyd etdiyi klub uğurlarımız, zaman və səbrdən irəli gəlir. Millimizin 113-cü yerdə olması heç birimizi qane etmir. Ümid edirik ki, bütün qurumlarla çalışaraq hədəflərə nail olacağıq. Etimada görə təşəkkür edirəm.”
“Haqqınızı halal edin. Hər şeyə görə, təşəkkür edirəm”.
Bu sözləri isə Azərbaycan Futbol Federasiyasının sabiq prezidenti Rövnəq Abdullayev konfrasda çıxışı zamanı bildirib.
“AFFA kollektivinə, futbol ailəsinə minnətdarlıq bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı. Şükür Allaha, bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox. “Kral öldü”, yaşasın yeni kral”.
Məsələ ilə bağlı danışan İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov "Sherg.az"a bildirib ki, yeni seçilən AFFA prezidenti Rövşən Nəcəfin media nümayəndələrinin suallarına cavablarından futbolumuzda mövcud olan problemlərlə yaxından tanış olduğu hiss olunur:
"Həmçinin, bunların zamanla həlli üçün konkret baxış bucağı, mövqeyi və müəyyən fikirləri var. Təbii ki, futbol sahəsində görüləsi işlər çoxdur. Rövşən Nəcəf müsahibəsində də bildirdi ki, yeni formalaşan İcraiyyə Komitəsinin üzvləri müzakirələrdən sonra istər azarkeşlərin stadionlara cəlb olunması, istərsə də, uşaq futbolu, infrastrukturun təkmilləşdirilməsi və digər futbolun inkişafı üçün zəruri olan real addımlar atılacaq. Strategiya müəyyənləşəcək. Hər halda qarşımdakı aydalarda yeni AFFA rəhbərliyinim futbolu baxışı ilə bağlı daha dolğun fikir yürütmək olar. Sabiq AFFA prezidenti Rövnəq Abdullayevə gəlincə isə onun rəhbərliyi dövründə futbola böyük maliyyə cəlb olunsa da, həmin vəsaitin xərclənməsi istiqamətləri üzrə nöqsanlara yol verildiyi üçün futbolumuzun səviyyəsi gözləntilərdən çox aşağıdadır. Düşünürəm ki, yeni AFFA rəhbərliyi maliyyənin xərclənməsi üzrə istiqamətlərin müəyyənləşdirilməsi və nəzarət baxımından daha sistemli davranacaq ”.