Ermənistan baş naziri Nikol Paşinyan ABŞ və Avropa İttifaqı qarşısında bütün Rusiyameyilli məmurları komandasından təmizləmək barədə öhdəlik götürüb.
Bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Qeyd olunub ki, Ermənistan hakimiyyətinin dərc olunan sənədlər və bəyanatlardan başqa ABŞ və Avropa İttifaqı (Aİ) qarşısında öhdəlikləri var:
“Qərb Paşinyandan Rusiya ilə yaxın əlaqələri olan şəxslərin vəzifədən uzaqlaşdırılmasını tələb edir. Aİ isə ayırdığı maliyyə vəsaitinin yalnız etibarlı insanların əlində olmasını istəyir”.
Nəşrin yazdığına görə, Aİ-nin xüsusilə, təhlükəsizlik sahəsində çalışan insanlarla bağlı ciddi narahatlığı var: “Baş nazirin onlardan xilas olması tələb edilir”.
Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan “Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu tip məlumatlara, həm də informasiya müharibəsi kontekstindən yanaşmaq lazımdır:
“Eyni zamanda iddia olunan fikirlərin manipulyasiyaya cəhd olunduğu da istisna edilmir. Sözügedən məsələnin də manupulyasiya xarakteri daşıması mümkündür. Amma yayılan məlumatın həqiqət olma ehtimalı da kifayər qədər çoxdur. Uzun müddətdir ki, Ermənistan üzərində Qərbin təzyiqlərini görürük. Qərb tərəfi Ermənistanı Rusiyadan ayırmaq üçün bütün imkanlarından istifadə etməyə çalışır. Proseslər də Ermənistan hakimiyyətinin bundan narazı olmadığını göstərir”.
Ekspert bildirib ki, təkcə Nikol Paşinyanla iş bitmir:
“Perspektivdə gələcək zaman kəsiyində Paşinyanın komandasından biri onun siyasətinə qarşı çıxa bilər. Bununla da Qərbin planları alt-üst olar. Ona görə də Qərbin özünü sığortalamaq üçün Paşinyandan Rusiyameyilli siyasətçiləri komandasından təmizləməyi tələb etməsi mümkündür. Biz oxşar hadisənin Ukraynada da şahidi oluruq. Demək olar ki, hər gün Ukraynada kadr dəyişikliyi olur və çox güman ki, bu da Qərbin təlimatıdır. Kard dəyişikliyi isə son nəticədə Qərbin hakimiyyətdəki idarəçilik gücünü artırır. Belə prosesin davamı da gələcək, eyni zamanda Qərb və Ermənistan münasibətləri inkişaf edəcək. Bunun fonunda isə Ermənistan, Rusiya əlaqələri daha kəskin hal alacaq”.