Xəbər verdiyimiz kimi tanınmış muğam ifaçısı Pərviz Qasımov İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq, Avropa çempion olub.
Musavat.com bildirir ki, Pərviz Qasımov artıq vətənə dönüb. Bununla bağlı Heydər Əliyev adına Hava Limanında təntənəli qarşılanma mərasimi olub. Pərviz Qasımovu idmançılar, dostları, ailə üzvləri, media nümayəndələri qarşılayıb. Qalibə qələbə çələngi təqdim olunub.
Musavat.com-a özəl müsahibə verən Pərviz Qasımov öz təəsüratlarını bu cür bölüşüb: "Bu yarışa çox böyük heyətlə qoşulduq. 25 ölkə arasında birinci yerə çıxdıq. Çox çətin yarış idi. Bütün xalları geridə qoyaraq, Azərbaycanı qalib etdik. Azərbaycan himnini iki dəfə səsləndirdik.
Mən bundan əvvəl muğam yarışlarında iştirak edib, brinciliklər qazanmışdım və bu dəfə idmanda özümü sınadım və qalib oldum. Çox sevincliyəm. Bu işdə mənə dəstək olan müəllimimə, ailəmə və hər kəsə təşəkkürümü bildirirəm.
Bəzən deyirlər ki, muğam ifaçısı necə olur ki, bodibildinqlə məşğul olur? Mən belə şeylərə fikir vermirəm, yalnız irəli baxmaq lazımdır. Belə fikirləri beynimizə salsaq, inkişaf olmaz".
Xatırladaq ki, Pərviz Qasımov Televiziya Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi, həmçinin Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının qalibi, laureatı, Prezident təqaüdçüsüdür. Hazırda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.
Onu da əlavə edək ki, İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında ölkəmizi təmsil edənlər arasında Nizami yurdunun yetirməsi Rauf Əliyev də yer alıb.
İdmançımız I yeri qazanaraq Avropa və Overall çempionu olub. Bu münasibətlə turnirdə iki dəfə Himnimiz səsləndirilib. Təmsilçilərimiz kubok və medallarla təltif edilib.