Bu ilin yayında Almaniya ikinci dəfə Avropa futbol çempionatına ev sahibliyi edəcək. Qitənin futbol üzrə yığma komandalarının yarışı bu ölkədə ilk dəfə 1988-ci ildə keçirilib. Açılış oyunu iyunun 14-də Münhendə, final isə iyulun 14-də Berlində baş tutacaq. Şübhə yoxdur ki, Avropanın 24 komandası çempionluq uğrunda olduqca gərgin mübarizə aparmalı olacaq.
Belə bir məqamda futbol azarkeşlərini bir sual maraqlandırır. UEFA EURO2024 futbol çempionatında hansı komandanın qalib gəlmə şansı daha çoxdur. Görəsən hansı ölkənin heyyəti daha güclüdür?
Suallarımıza cavab tapmaq üçün “Sherg.az” olaraq futbol üzrə ekspertlərin fikizlərini öyrənməyə çalışdıq.
İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov bildirdi ki, hazırkı vəziyyətdə Almaniya və İspaniya milliləri kifayət qədər inamlı təsir bağışlayır:
''İspanların italyanlarla görüşdə sərgilədiyi futbol bir sözlə, fantastik idi. Amma düşünürəm ki, Fransa və İngiltərə millisinin qrup mərhələsində sərgilədiyi futbol bir qədər aldadıcı ola bilər. Fikrimcə, bu komandalar həm heyətin genişliyi, həm də təcrübə baxımından digərlərini üstələyir. Sadəcə olaraq Avropa çempionatı kimi ekspress turnirlərdə qüvvələr balansını düzgün bölüşdürməlisən. Fransa və İngiltərə isə qrup mərhələsində sanki, ekonom rejimdə çıxış edirlər. Halbuki, potensialları daha böyük uğurlara imkan verir. Bu baxımdan komandaların real şansları ilə bağlı konkret fikir bildirmək üçün ''play-off'' mərhələsini gözləməliyik. Favoritim isə İngiltərə millisidir''.
Idman jurnalisti Ağa Dadaşzadə isə qeyd edib ki, olduqca maraqlı turnir keçir:
"Burada isə əvvəlcədən qalibi müəyyən etmək doğru deyil. Hazırda İspaniya milli komandasının şansı böyükdür, lakin onlar dəfələrlə ilk uğur qazanmalarına baxmayaraq, sonda adi bir səhv ucbatından uduzublar. Favorit olaraq İspaniyanı göstərmək olar. Lakin bir nömrəli favorit kimi qeyd edə bilmərik. Fransanın da şansı böyükdür. Fikrimcə, Niderlandda yarım final mərhələsinə qədər çıxacaq. Əsasən İspaniya, Almaniya və sürpriz komanda kimi Niderland uğurlu nəticə göstərəcək. Ancaq İtaliya və İngiltərədən heç bir gözləntiyə ehtiyac yoxdur. Heyyət haqda heç bir fikir söyləmək olmur. Məsələn, İngiltərənin futbolçuları indivudual cəhətdən yaxşı olsalar da komanda oyunu yoxdur. Nəzərə almaq lazımdır ki, sonda komanda oyunu öz sözünü deyir".