Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Avstriya və Türkiyə milli komandaları üz-üzə gəlib.
Sherg.az xəbər verir ki, gərgin şəraitdə keçən qarşılaşmada “ay ulduzlular” rəqiblərindən üstün olublar – 1:2.
Qarşılaşmada hesab ilk dəqiqədə açılıb. Künc zərbəsindən sonra yaranan qarışıqlıqdan Merih Demirel istifadə edərək hesabı açıb.
Oyunun 59-cu dəqiqəsində isə Arda Gülərin künc zərbəsindən yerinə yetirdiyi ötürmədən sonra Merih Demirel özünün və komandasının ikinci qoluna imza atıb.
Avstriya millisinin təsəlli qolunu oyunun 66-cı dəqiqəsində Mixael Qreqoriç vurub.
Bununla da Türkiyə milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.
Növbəti mərhələdə Türkiyənin rəqibi Hollandiya yığması olacaq.
Oyunu dəyərləndirən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov "Sherg.az"a bildirib ki, Avstriya top komanda olmasa da, Avropa çempionatının böyük simpatiya qazanan, rəğbət bəslənilən möhkəm komandalarından biri idi:
''Bu komandanı yarımfinalda, hətta, finalda görənlər də az deyildi. Avstriya tipik məşqçi, sistem komandasıdır. Avstriyanın sükanı arxasnda Ralf Raqnik kimi "gegen pressinq"in banisi olan bir mütəxəssis var. Düşünürəm ki, Avstriya millisinin favorit göstərilməsi, bu komandaların martda keçirilən oyunda Türkiyə millsini yoldaşlıq matçında 1:6 məğlub etməsi ''ay-ulduzluları ''güclü motivasiya etmişdi. Türkiyə millisi çox cəsarətli futbol sərgilədi. Düzdür, komandanın oyununda çatışmazılıqlar var. Amma əzmkarlıq yüksək səviyyədə idi. Türkiyə millisi emosiyalarla oynayan komandadır. Sanki 2008-də olan millinin ruh ilə oynayırdılar. Komandanın lideri Hakan Çalhanoğlunun yoxluğunda belə yaxşı təsir bağışladırlar. 1/4 finalda Niderland millisi favorit göstərilir. Amma Türkiyə millisi bu çempionatın ən gənc komandalarından biri sayılır. Xüsusilə də hücum xətti 20.5 yaşındadır. Məncə, növbəti sürprizi reallaşdıra bilərlər. Komandanın heyətində Avropanın top-klublarında çıxış edən futbolçular var. Bu mənada Türkiyənin 2008-ci ildəki tarixi nəticəni təkrarlamaq üçün şansı çoxdur''.