"Qarabağ" klubu Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib. "Sherg.az" xəbər verir ki, "köhlən atlar"la 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin "Adana Demirspor" klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"a məxsus olacaq. Məhəmmədəliyev 2016-23-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2023-cü ilin yayında "Qarabağ"dan Türkiyə klubuna transfer edilib. Qeyd edək ki, Şahruddin "köhlən atlar"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
İdman Tv-nin baş redaktoru Vüqar Nəzərov “Sherg.az”a bildirib ki, Milli komandanın qapçısının ona heç də yad olmayan kluba qayıtmasını ümumilikdə müsbət qiymətləndirir:
''Çünki milli komandanın şərəfinə qorumuş birinin Qarabağın heyyətində çıxış etməsi Ağdam klubu üçün də uğurlu addım ola bilər. Nəzərə almaq lazımdır ki, Şahruddin "köhlən atlarla" 7 dəfə Azərbaycan çempionu və üç dəfə ölkə kubokunun qalibi olub. Yəni, belə təcrübəli qapıçı ilə yola çıxmaq "Qarabağ"-a fayda verəcək. Doğrudur, ötən mövsüm Şahruddinin bir neçə səhvi oldu. Bu yalnışlıqlar nəticəsində Ağdam klubu istədiyi nəticəni əldə edə bilmədi. Ancaq bu idmandır. Nəinki Şahruddin Məhəmmədəliyev, digər tanınmış idmançılar da ən böyük türnirdə etdikləri səhvlərlə yadda qalıblar. Bu anları istər klub səviyyəsi yarışmalarda, istərsə də milli komanda oyunlarında müşahidə etmişik. İnanıram ki, Şahruddin öz çıxışı ilə "Qarabağ" komandasına böyük töhvə verəcək. Nəzərə alaq ki, həmin komandanın baş məşqçisi olan Qurban Qurbanov çox insani kollektivə sahibdir. Fikrimcə, Şahruddin də həmin dəyərli kollektivin bir hissəsinə çevriləcək".