Türkiyə səfirliyi Hidayət Heydərovu təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo kateqoriyasında qızıl medal qazanan və Azərbaycan bayrağını Fransada dalğalandıran Hidayət Heydərovu ürəkdən təbrik edirik", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.