Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.
"Report"un məlumatına görə, ilk olaraq avarçəkənimiz Diana Dımçenko yarışa qoşulub.
C finalında mübarizə aparan təmsilçimiz fərdi yarışda 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.
Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla təsnifat mərhələsində çıxış edib. O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub. Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.
Ölkəmizi komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol millimiz üçün də turnir başa çatıb. Qrupda keçirdiyi son matçda Kanada yığmasına 19:21 hesabı ilə uduzan qızlarımız yarışı 7-ci sırada tamamlayıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.