UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
Tarixində üçüncü dəfə bu mərhələyə yüksələn Azərbaycan çempionu “Qarabağ” Zaqrebdə “Dinamo”nun qonağı olub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tərəflər arasındakı cavab matçı avqustun 28-də Bakıda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
20 avqust
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Qarabağ” (Azərbaycan) - 3:0
Qollar: Marko Pyatsa, 30, Sandro Kulenoviç, 75, 80
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (İsveç)
VAR: Bastian Danker (Almaniya)
UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparan təmsilçimizin "Dinamo Zaqreb"lə səfər matçı gözlənilənin tam əksi ilə nəticələndi.
Maraqlıdır, "Qarabağ"ın böyük hesablı məğlubiyyətinə səbəb nə oldu?
Oyunu dəyərləndirən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov “Sherg.az”a söyləyib ki, oyundan öncə belə bir hesab gözləmirdi:
''Düşünürəm ki, hesab oyuna görə olmadı. Çünki statiskaya da baxsaq görərik ki, "Qarabağ"ın qol vurmaq üçün kifayət qədər real epizodları var idi. Lakin bəzi oyunlarda yarım epizoddan belə fərqlənən Juninyoda bu dəfə bitiricilik alınmadı. Mərkəzdə isə "Ludoqorets"lə cavab oyununda zədələnən Yankoviçin yoxluğu hiss olunurdu. Rəqib meydanın mərkəzini rahat keçirdi. Buna görə də rəqibi 2-ci zonada qarşılamaq alınmadı. Cavab oyununda sarı vərəqə limitini aşan Romao da olmayacaq. Bütün bunlar təbii ki, baş məşqçi Qurban Qurbanova komandanı oyuna hazırlamaqda problem yarada bilər. Yenə də futbol proqnozları sevmir və sürpriz doludur. Futbol tarixində geridönüşlər olub. İndi əsas yük həm də azarkeşlərin üzərinə düşəcək. Ümid edirəm cavab oyununda tribunalar tam dolacaq. "Qarabağ"ın bu vəziyyətdə azarkeşlərin dəstəyinə ehtiyacı var''.