Qurban Qurbanov: Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər

Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər.
Sherg.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis sabah vacib oyuna çıxacaqlarını bildirib:

"Qarşılaşmanın mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib oyundur. Hesabda geridə olsaq da, əsas məehələyə vəsiqə qazanmaq üçün şansımız var. İnamımız böyükdür, yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, azarkeşlərimiz görüşdən narazı qalmasınlar. Matça final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadırlar. Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidir".

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo"-"Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.