Zaman "Neftçi"nin əleyhinə işləyir: Samir Abasov ən düzgün seçim idi

"Sumqayıt" baş məşqçisi Samir Abasovla yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib: “Neftçi” PFK ilə əldə olunmuş razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alaraq baş məşqçi ilə “Sumqayıt” Futbol Klubu arasında əməkdaşlıq başa çatıb. Samir Abasova klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq!" Bu da o deməkdir ki, 46 yaşlı mütəxəssis "Neftçi"ni çalışdıracaq. O, 2020-ci ilin noyabrından 2021-ci ilin iyununa qədər də Bakı təmsilçisinə rəhbərlik etmişdi. Həmin vaxt "Neftçi" Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün çempionu olub.
Qeyd edək ki, S.Abasov 2022-ci ilin sentyabrından "Sumqayıt"ın baş məşqçisi idi.

İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov “Sherg.az”a deyib ki, indiki ağır vəziyyətdə "Neftçi" klubu üçün seçimin Samir Abasovdan yana olması haradasa gözlənilən idi:  

 ''Əslində seçimdə məntiq yanaşma var. Samir Abasov yerli mütəxəssisdir və empionatı, komandanı tanıyır. Həmçinin yaxın keçmişdə sonuncu çempionluq məhz, onun zamanında qazanılıb. Bu məqamları nəzərə alsaq, əcnəbi mütəxəssislə müqayisədə bir addım öndədir. Yəqin, daxildəki problemlərdən xəbərdardır. Onun uğurlu və ya uğursuz olacağını, başqa sözlə səhv və ya düzgün seçim olduğunu zaman göstərəcək. Zaman isə "Neftçi"min əleyhinə işləyir. Ona görə təcili qərar vermək baxımından Samir Abasov mövcud vəziyyətdə ən düzgün seçim idi. Bir növ çıxılmaz vəziyyətdə qaldıqları üçün seçim Abasovun üzərində dayanıb. "Neftçi" ilk 9 turda kifayət qədər xal itirib. Hətta klub tarixində antirekorda imza atıb. Qələbəsi yoxdur. Ona görə də daxili ab-havanı düzəltmək çətin olacaq. Amma hələ də vəziyyəti dəyişmək üçün şans var. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Əsas hədəf isə təbii ki, mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaqdır. Lakin avrokuboklara iddialı digər komandaların hazırkı vəziyyətini və "Neftçi"ni bir neçə xal qabaqladığını nəzərə alsaq, çox çətin görünür. Hər halda Samir Abasov hansı yükün altına girdiyini yaxşı dərk edir''.