Namiq Abbasov: "Ayaks"-a qarşı əks hücumda oynaya bilməyəcəyik -PROQNOZ

“Qapı ağzında avtobus sayağı müdafiə böyük hesablı məğlubiyyətə səbəb olur”


UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletləri oktyabrın 17-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Bu barədə "Qarabağ" Futbol Klubunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
Qeyd edək ki, qarşılaşma oktyabrın 24-də Bakı vaxtı ilə 20:45-də start götürəcək.


Oyun öncəsi fikirlərini bölüşən idman jurnalisti Namiq Abbasov "Sherg.az"a bildirib ki, "Qarabağ"ın əvvəlki iki oyununu izlədik: 

''Yəni ötən oyunlardakı səhvləri və müdafiədəki boşluqları gördük. Biz rəqiblərin qapısı arxasında yaratdığımız qol şanslarını boşa verdik. "Ayaks" İsveç klubudur və hər zaman əlinə düşən fürsətdən mütləq istifadə edir. Əgər şanslarını dəyərləndirə bilmirsənsə, Avropada öz sistemi, fərqli oyun üslubu, məktəbi, yetirmələri olan komanda qarşısında "Qarabağ" nə edə biləcək? "Ayaks"a qarşı əks hücumda oynaya bilməyəcəyik. Çünki buna imkan verməyəcəklər. Onların meydanın mərkəzini ələ keçirtmələri və "driplinq" etmələri hər şeyi həll edəcək. Qapı ağzında avtobus sayağı müdafiə isə böyük hesablı məğlubiyyətə səbəb olur. Fikrimcə, Qurban Qurbanov hansısa yol tapacaq. Ancaq bu oyundan qələbə gözləmirəm. Doğrusu, ikinci turdan qələbə qazanacağımıza ümid edirdim. Lakin gözləntilərim baş tutmadı. Ən azından "Beşiktaş"la "Ayaks" oyununu yada salın. Həmin matçda "Ayaks" "Beşiktaş"ı darmadağın etdi. Bizi də eyni aqibət gözləyə bilər. Bununla yanaşı, itkilərimiz də var. Bu görüşdə Matheus Silva olmayacaq. Qapıçılar da zədəlidir. Onlar onsuz da oynamırdılar. Söhbət Şahruddin və Amin Ramazanovdan gedir. Bəhlul Mustafazadə müdafiəyə qayıdacaq. Çox istərdim ki, "Köhlən Atlar" ən azından bir xal qazana bilsin. Bununla turnir cədvəlindəki son pillədən canımızı qurtara bilərik".