Kənan Həkimov: "Ayaks"la hesabın heç-heçə olacağını gözləyirəm

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.
Ağdam təmsilçisi evdə Niderland “Ayaks”ı ilə qarşılaşacaq. 
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda isə “Malmö”yə uduzub (1:2). 
Aktivində 4 xal olan “Ayaks” isə 8-ci pillədədir. 

İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov  "Sherg.az"a bildirib ki, "Ayaks" Bakıya gələn ən titullu klublardan biridir: 

"Rəqibin heyətində vaxtı ilə "Top klublar"-da çıxış edən və Avropanın aparıcı millilərinin şərəfini qoruyan futbolçular var. Təkcə uzun illər "Liverpul"-un şərəfini qoruyan Hendersonun adını çəkmək kifayət edir. Ona görə bu matç "Qarabağ" üçün çətin olacaq. Amma Niderland klubunun baş məşqçisi Françesko Farioli də açıqlama verdi ki, heyətlə bağlı bəzi problemləri var. İstənilən halda "Qarabağ"-ın bu gün ən yaxşı oyunlarından birini keçirəcəyinə çox inanıram. Əlavə olaraq komandanın liderlərindən Yankoviçin heyətə qayıtması gözləntiləri artırır. Onu orta sahənin dirijoru da adlandırmaq olar. Ən azından hesabın heç-heçə olacağını gözləyirəm. Rəqib kifayət qədər güclü olsa da, "Qarabağ"ın və Qurban Qurbanovun avrokubok təcrübəsi yetərincədir. Bu isə belə səviyyəli oyunlarda çox vacib elementlərdən biridir".