İspaniyanın "Barselona" və "Real" klublarının əfsanələri bu gün Yaponiyanın paytaxtı Tokioda yoldaşlıq matçı keçirib.
"Report" xəbər verir ki, İspaniya yığmasının və kataloniya klubunun sabiq futbolçusu Andres İnyestanın şərəfinə keçirilən görüş "Barselona"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"El-Klasiko"da "Barselona"nın heyətində 31-ci dəqiqədə Xavyer Saviola fərqlənib. Digər qolları isə "Real"ın futbolçuları vurub. Xavyer Balboa 78-ci dəqiqədə hesabı bərabərləşdirsə də, Fernando Sans əlavə olunmuş dəqiqələrdə avtoqol müəllifi olub. Qələbə qolunda İnyesta da iştirak edib. Məhz onun ötürməsindən sonra qapıçının əlinə dəyib tirdən qayıdan topu F.Sans öz qapısından keçirib.
Qeyd edək ki, A.İnyestanın vida matçında Xavi, Qaiska Mendieta, Rivaldo, İker Kasilyas, Roberto Karlos, Fabio Kannavaro, Stiv Makmanaman, Lüdovik Jüli kimi keçmiş futbolçular oynayıb.