"Kubokun məsuliyyəti mənim boynumdadır və üzr istəyirik".
Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis məsuliyyəti öz üzərinə götürüb: "Sağ olsunlar azarkeşlərimiz. İlk dəfədir ki, səfər oyununda bu qədər azarkeşimiz yığılmışdı. Onların dəstəyini və arxamızda olduqlarını hiss edirdik. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana, istədiklərimizi gətirə bilmədik. Kuboka görə məsuliyyət daşıyırıq və üzr istəyirik".
O, klubun sabiq idman direktoru Yens Anderssonun reallaşdırdığı transferlərlə bağlı danışmaq istəməyib: "Söz demək mənə düşmür, çünki birlikdə işləməmişik. Heç bir insan barədə danışmaq istəmirəm".
Təcrübəli baş məşqçi üzüldüyüm məqamları açıqlayıb: "Oyuna yaxşı köklənmişdik. Birinci hissədə bu il ən yaxşı oynadığımız futbolu göstərdik. Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Buraxdığımız qolda qapıçı ilə müdafiəçimiz anlaşa bilmədi. Qol epizodlarımız var idi. Onları vursaydıq, tam baş cür olardı. Əhval-ruhiyyə möhtəşəm idi. Rəqibi hər cəhətdən təhlil etmişdik. Uşaqlar təhlili anlamışdı. Əfsuslar ki, sonadək gətirə bilmədik. Sona qədər pressinq edib, rəqibə imkan verməmək gücündə deyilik. Rəqibimiz də yaxşıdır. "Sabah"ın heyətində birəbir mübarizədə yaxşı oyunçular var. O komponentdə bəlkə də bizdən daha üstündür. Rəqib əvəzetmələrdən sonra top saxladı, canlandılar. Biz də irəliyə atılmağa başladıq, boşluqlar verdik".
Abasovun sözlərinə görə, ikinci üzücü məsələ fasiləyə gələndə futbolçuların səhhətlərindən şikayətlərinin başlaması olub: "Emin Mahmudov, gördük ki, bu gün lider kimi oyunda idi, amma axıra kimi çatdıra bilmədi. Digər oyunçular da əvəzetmə istəyirdi. Bizim əvəzetmələrimiz effekt verməsə də, mərhələni keçə bilmirdik. Bütün hücumameyilli oyunçuları meydana buraxdıq. Rəqib hücumameyilli oyunçuları buraxandan sonra fərq yaratdı, biz onu edə bilmədik. Kaş ki, "11-lik" sona qədər davam edə bilərdi".
O, artıq növbəti mövsümlə bağlı planlar cızdıqlarını açıqlayıb: "Planlar bu oyunla bağlı deyil. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlamaq istəmirəm. Daha yaxşı "Neftçi" kimi gəlmək istəyirik. "Neftçi"yə layiq olan oyunçuları da tapıb, gətirməliyik. Daim davamlı olaraq, birinci hissədəki oyunumuzu sərgiləyəcək futbolçuları gətirməliyik".
Baş məşqçi hücumçu Bassalu Sambunun "Kəpəz"lə 1/4 final mərhələsinin cavab oyununda qırmızı vərəqə alaraq, "Sabah"la hər iki yarımfinal oyununu buraxmasının təsirindən də söz açıb: "Məncə, bu günün nəticəsinə o qədər də aidiyyatı yoxdur. Hər mövqedə ümid etdiyimiz oyunçular var. Amma o yoxdur və oynamayıb deyə, o barədə danışa bilmərik. Sambu gələndən sonra əsas hücumçumuza çevrilmişdi. Üç qol vurmuşdu, bu da bizi ümidləndirirdi. Çalışdıq, amma cəzasını bir oyuna da salmadılar. Sambu burada yoxdursa, niyə digər hücumçular onun kimi oynamır? Bu da doğru yanaşma deyil. Sambu yoxdursa, orada Dembo Darbo, Ramil Şeydayev, Ağadadaş Salyanski var. Niyə biz qışda gələn Sambunun olmamasına üzülməliyik? Bu da bizim pis tərəfimizdir".
O, "Qarabağ"la çempionat matçına buraxdığı oyunçuların hamısına bu gün şans verməməsini belə əsaslandırıb: "Dəyişilən bir şey yox idi. Ağadadaş Salyanski "Qarabağ"la matçda zədəli idi. O, bu gün əsas hücumçumuza çevrilmişdi. Səbəbi Darbonun qış toplanışını bizimlə keçməməsi idi. Fikirləşdik ki, ən azından Ağadadaş yoxdursa, Darbonu dəyişərdik. Şans verdik ki, tonusda olsun".
Abasov əvəzetmələri gec etməsinin səbəbini açıqlayıb: "İlk hissədə olan performans məni razı salırdı. Dəyişikliyə lüzum da yox idi. Amma həmişə hər şey istədiyimiz kimi olmur. Birdən 4-5 nəfər oyundan düşdü. Emin Mahmudov 2-3 epizodda top itirdi. Yorğunluqdan irəli gəlirdi. Başqalarını dəyişmək istəyirdik, amma Sek, Ştoqrin əvəzetmə istədi. Sistemi dəyişdik ki, qol vuraq, amma alınmadı. Deyirdim kaş ki, əvvəlcədən oynayanlar sona qədər oynasınlar".
"Neftçi" komandasının rəhbəri heç bir futbolçusunu qorumaq fikrində olmadığını söyləyib: "Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyəti daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm".
Abasov növbəti mövsümə heyətin neçə faizinin dəyişilməli olduğu barədə sualı belə cavablandırıb: "Hər bir baş məşqçinin oyun üslubuna uyğun futbolçular var. İşlədiyim komandalarda da həmin mövqelərdə hansı oyunçuların oynadığını görmüsünüz. Məsələn, Sabir Buqrini deyərdim, "Sumqayıt"da Cordan Rezabalanı deyərdim. Məqsədimiz ən azından oyun üslubumuza uyğun futbolçuları götürməkdir. Neçə faiz burdan gedəcək, neçə faiz qalacaq, nələr edəcəyik, onu özünüz götür-qoy edərsiniz. Burada kardinal dəyişikliklər baş verməlidir".
O, komandasında olan legionerlərin hazırkı müqaviləsinin mümkün ləğvini şərh edib: "Buna indi cavab vermək çox çətindir. Yeri bura deyil. Ətraflı hər şeyi biz də bilirik, klubla danışırıq. Ən yaxşısı nədirsə, klub və oyun üçün onlar da əlindən gələni edir. Həmin problemlər var. Digər komandalar bunu çözə biliblər. Ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyik, kimlə problem yaşayacağıq, danışmaq tezdir. Zaman göstərəcək".