Azərbaycanda piyada–sürücü münasibətlərinin hüquqi tənzimlənməsində ciddi praktik uyğunsuzluq mövcuddur. Formalaşmış hüquq tətbiqi praktikasında piyadanın avtomobillə toqquşması, birmənalı şəkildə sürücünün təqsiri kimi qiymətləndirilir. Nəticədə, piyadanın yol hərəkəti qaydalarını pozub-pozmamasından asılı olmayaraq, sürücü inzibati və ya hadisənin nəticəsindən asılı olaraq cinayət məsuliyyətinə cəlb edilir.
Hüquqşünas Vüqar Dadaşov Sherg.az-a bildirib ki, inkişaf etmiş ölkələrin hüquq tətbiqi təcrübəsində hadisənin başvermə səbəbi və hər iki tərəfin davranışı ayrıca qiymətləndirilir. Onun sözlərinə görə, piyada müəyyən edilmiş keçid yerindən kənarda yolu keçərək qəzanın yaranmasına səbəb olubsa, ilk növbədə onun hüquqi məsuliyyəti müəyyən edilir:
"Sürücü isə yalnız yol hərəkəti qaydalarını pozduğu, sürət həddini aşdığı və ya qəzanın qarşısını almaq üçün real imkanı olduğu halda məsuliyyət daşıyır. Azərbaycanda isə faktiki olaraq piyadanın məsuliyyəti arxa plana keçirilir, hüquqi məsuliyyətin əsas yükü sürücünün üzərinə qoyulur. Bu yanaşma hüquqi məsuliyyət və təqsir prinsiplərinə uyğun deyil, tərəflərin hüquq və vəzifələri arasında balansı pozur. Oxşar hüquq tətbiqi problemi avtomobil yolu üzərinə çıxan mal-qara ilə baş verən yol-nəqliyyat hadisələrində də müşahidə olunur. Praktikada belə hadisələrdə əsas diqqət mal-qara sahibinə dəymiş ziyanın ödənilməsinə yönəlir. Halbuki, qanunvericiliyə əsasən, mal-qaranın müəyyən edilmiş keçid yerlərindən kənarda avtomobil yoluna çıxarılması hüquq pozuntusudur. Belə hallarda nəqliyyat vasitəsinə dəymiş maddi zərərin ödənilməsi də mal-qara sahibinin hüquqi məsuliyyəti, öhdəliyidir. Lakin bu norma da praktikada, demək olar ki, tətbiq edilmir. Nəticədə, həm piyadalar, həm də mal-qara sahibləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına lazımi hüquqi qiymət verilmir, məsuliyyət isə əsasən sürücülərin üzərinə yönəldilir. Bu yanaşma hüquqi ədalət prinsipini zəiflədir, eyni zamanda piyada və yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərir".
Hüquqşünasın sözlərinə görə, problemin həlli qanunvericiliyin təkmilləşdirilməsi, mövcud hüquq normalarının obyektiv və bərabər tətbiqindən keçir:
"Ali Məhkəmənin vahid hüquqi mövqeyi və məhkəmə təcrübəsi formalaşdırılmalıdır ki, piyada təyin olunmuş keçid yerindən kənarda yolu keçərək qəzanın baş verməsinə səbəb olub, sürücü isə yol hərəkəti qaydalarını pozmayıbsa, sürücü məsuliyyətdən azad edilsin. Eyni zamanda, mal-qara sahibinin də qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyəti tam həcmdə tətbiq olunmalıdır. Yalnız hüquqi məsuliyyətin obyektiv, balanslı və bərabər tətbiqi Azərbaycanda həm sürücü, həm də piyada mədəniyyətinin formalaşmasına, eləcə də yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə real töhfə verə bilər".