Rəqəmsallaşma buna imkan verir
Metropolitendə “qırmızı xətt”lə “yaşıl xətt” ayrılır deyə, “28 May”la “Nizami” arası hərəkət dayandı. Cələcək naminə müsbətdir, bəlkə də. Çünki bu layihənin icrası başa çatdıqdan sonra bilinəcək faydalılıq dərəcəsi. Məsələ hazırda əhalinin, metrodan həftənin iş günəri istifadə edən vətəndaşların əlavə xərcə düşməsidir. Bəzisi deyir ki, “28 May”la “Nizami” stansiyasının arası “10-15 addımdır”. Olsun lap 5-6 addım. Amma hər kəs “Nizami” stansiyasına getmir. “Nizami”dən taki “Dərnəgül”ə qədər yerləşən stansiyalarda minib-düşənlər var. Məsələn, iş və ya təhsil aldığı yer “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 yanvar”, “Əcəmi” və ondan o tərəfə olan şəxs niyə, hansı səbəbdən “28 May”da çıxıb 60 qəpik gediş haqqı müəyyən edilmiş ekspress avtobusa minməlidir? “Elmlər Akademiyası”, ya da digər stansiyalara ki piyada gedilə bilməz. Niyə AYNA ekspress avtobusları ödənişsiz etmir, həmçinin “28 May”dan çıxıb təkrar “Nizami” stansiyasına payi-piada gedən sərnişin niyə təkrar ödəniş etməlidir metroya minmək üçün? Halbuki metropoliten sərnişinləri mənzil başına çatdırmağa daşıyıcı olaraq borcludur. Və vətəndaş əgər indiyədək metroya minəndə 60 qəpik ödəniş edib lazım olan istiqamətə, stansuyaya çatırdısa, hazırda bu, mümkün deyil, vətəndaş mütləq iki dəfə artıq ödəniş etməlidir.
AYNA rəhbəri Anar Rzayev Real TV-yə açıqlamasında “28 May” “Nizami” arası daşınmanın niyə ödənişsiz olmamasıyla bağlı sualı da cavablandırıb. Deyib ki, pulsuz daşınma daha çox aeroport kimi qapalı sistemlərdə mümkündür. Şəhərdə isə ekspress avtobuslara yalnız metrodan çıxanlar deyil, digər sərnişinlər də minəcək. Metrodan çıxanların bir hissəsi isə başqa ümumi marşrutlardan da istifadə edəcək. Yəni, "qarışıqlıq" olacaq.
Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Sherg.az”-a açıqlamasında “pulsuz avtobus mümkün deyil” arqumentinin əsassız olduğunu izah etdi:
- Qırmızı və Yaşıl xətlərin ayrılması üçün görülən işlər, sərnişin yükünü azaltmaq məqsədilə ekspress avtobusların təşkili vacib və faydalı addımlardır. Amma sərnişinlərə, xüsusilə həssas qruplara özlərindən asılı olmayan məcburi transfer və əlavə xərclərə görə güzəşt edilməsi məsələsinə AYNA rəhbərinin izahında klassik, oflayn sərnişin idarəetməsi baxımından müəyyən məntiq var. Amma rəqəmsal transformasiya baxımından bu arqumentlə razılaşmaq birmənalı olaraq mümkünsüzdür. Axı rəqəmsallaşma elə bu tip problemləri həll etmək üçündür. Dünyada belə məsələlər sərnişini fiziki olaraq “metrodan çıxan” və “küçədən minən” kimi ayırmaqla deyil, rəqəmsal ödəniş sisteminin transferi tanıması ilə həll edilir. Bunun müxtəlif texnoloji modelləri var. Elə bizim özümüzdə, Bakıda bunun üçün baza da mövcuddur. BakıKart metro və avtobuslarda işləyir, ölkədə QR və NFC kimi rəqəmsal ödəniş imkanları tətbiq olunur. Prezidentin 7 may 2026-cı il Fərmanı ilə BakuBus Metropolitenə birləşdirilib və müxtəlif nəqliyyat növlərinin inteqrasiyası, vahid idarəetmə və rəqəmsal ödəniş həllərinin tətbiqi qarşıya məqsəd qoyulub. Məsələn, sistem metrodan çıxmış sərnişinin müəyyən vaxt ərzində avtobusa keçidini tanıya və ona pulsuz və ya güzəştli transfer tətbiq edə bilər.
O.Gündüz bildirdi ki, AYNA-nın öz informasiya sistemlərinin təkmilləşdirilməsi üçün bu yaxınlarda təxminən 14 milyon manatlıq satınalma elan etməsi fonunda “sərnişinləri ayırmaq mümkün deyil, hamı ekspressə minəcək” arqumenti xüsusilə təəccüblü səslənir:
- Bir daha vurğulayıram. Metroda görülən işlər, ekspress avtobusların təşkili, ictimai dinləmələrin keçirilməsi, dayanacaqlarda əlavə şərait yaradılması və digər tədbirlər təqdirəlayiqdir. Amma, dövlətin zəruri layihəsi nəticəsində sərnişinlərin, xüsusilə tələbələrin aylarla əlavə xərc çəkməsini normal hesab etmək olmaz. Həm də axı AYNA-nın belə bir imkanı var. Ən azı xərclərin bir qismi qarşılana bilər. AYNA RİNN-in tabeliyindədir. Metropoliten də AZCON tərkibindədir. Bunları birləşdirən ortaq xətt RİNN-dir. Düşünürəm ki, RİNN məsələyə müdaxilə etməli, rəqəmsal güzəştli transfer modelinin hazırlanmasına dəstək verməlidir. Ölkənin vahid rəqəmsal arxitekturasının qurulması ilə bağlı bir müddət öncə Prezidentin verdiyi tapşırıqların mahiyyəti də məhz budur. Rəqəmsal transformasiyanın üstünlüyü ondadır ki, fiziki olaraq ayıra bilmədiyimizi data və texnologiya ilə ayıra bilək.