Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib

Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər.

Bu barədə Teleqraf-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən “Xocəsən” və “Avtovağzal” stansiyalarından ay sonuna qədər ümumilikdə 120 min 336 sərnişin istifadə edib.

Ayın lideri 1 milyon 474 min 403 sərnişinlə “28 May” stansiyası olub. 21 sentyabrda 638 min 613 nəfər olmaqla ayın ən çox sərnişini daşınıb.

Formula 1-in keçirildiyi günlərdə adi günlərlə müqayisədə “İçərişəhər”dən 12 min, “28 May”dan isə 13 min nəfərə yaxın daha çox sərnişin istifadə edib.

NFC və QR bilet vasitəsilə ümumilikdə 7 milyon 662 min 936 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 54,42%-ni təşkil edib və avqust ilə müqayisədə 1 % artıb.

“Əlçatan metro” xidmətindən 112 sərnişin yararlanıb. Bu göstərici avqust ilə müqayisədə 41,77% artıb.