20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi rəsmiləşdirilib.
Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşmasında müstəsna rol oynayıb. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
“Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəltdi. Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra, böyük Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilib.
Bu layihələr sayəsində Azərbaycanın regionda və Avropada əhəmiyyəti artdı. Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ciddi beynəlxalq tərəfdaşdır. Neft müqavilələrindən əldə edilən gəlir Azərbaycanın simasını büsbütün dəyişib. Əldə edilmiş gəlir sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldilmiş qara qızıl “insan kapitalı” naminə istifadə edilib. Bir sözlə, əsrin müqaviləsi ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi.
“Əsrin müqaviləsi”nin ölkəmizə ilk növbədə siyasi stabillik verdiyini deyən millət vəkili Rüfət Quliyev “Sherg.az”a bildirib ki, 7 dövlətin dünya səviyyəsində olan neft şirkətləri Azərbaycanda bu layihə üzərində işləməyə başladılar.
Deputat qeyd edib ki, 1994-cü ildə Azərbaycanda dəhşətli formada siyasi problemlər var idi, iqtisadiyyatımız dağılmışdı:
“ “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanda yeni bir dövr başlandı. Neft amilinin bu formada istifadəsi və müxtəlif ölkələrin şirkətləri ilə iş qurmaq Azərbaycan üçün olduqca önəmli idi. Gələcəkdə də ölkəmizdə neft amili çox vacib olacaq. Çünki neft faktoru iqtisadiyyatda ən böyük lokomativdir.
Bu gün valyutada 45 milyard dollar qızıl ehtiyatımız var. İnfrastrukturlar tamamlanıb, yeni yollar, idman mərkəzləri, səhiyyə ocaqları, fabriklər və. tikilib. Bu kontraktdan sonra Azərbaycanda əməlli-başlı və köklü dəyişikliklər oldu. Həmçinin Azərbaycan dünya miqyasında tanınmış ölkələr sırasındadır.
Bu proses yenə də davam edir. 1994-cü ildə bağlanmış müqavilə onu göstərir ki, neftdən gələn qazancın 75 faizi Azərbaycanındır. Hazırda ölkəmiz kifayət qədər inkişaf etmiş və güclü iqtisadiyyata malik bir dövlətdir. Bu gün ölkəmizin nüfuzu, Azərbaycana göstərilən diqqətin əsası “Əsrin müqaviləsi”ndən başlanır”.