Son dövrlərdə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin keçəcəyi regionda, fərqli qütblər arasında geosiyasi rəqabətin daha da kəskinləşməsi fonunda stabil və balanslı xarici siyasət yürüdən Azərbaycan yeni siyasi və iqtisadi dividendlər əldə etməyi hədəfləyib.
Qeyd edək ki, “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılıb.
Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır.
Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir.
2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib. 2018-ci ilin martında İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb.
Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır və artıq yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kreditin verilməsinə dair qərar qəbul olunub.
Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması, ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb.
Son illərdə Bakı-Tbilisi-Ceyhan dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcək.
Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan Respublikası gerçəkləşdirilməsi gərəkən bütün infrastruktur layihələrini uğurla həyata keçirib.
Şimal-Cənub layihəsinin reallaşmasında Azərbaycanın rolunu, bu layihədə iştirakdan ölkəmizin qazanacağı siyasi və iqtisadi dividendlər barədə “Sherg.az”a danışan keçmiş maliyyə naziri, iqtisadi-alim Fikrət Yusifov qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan üzərindən olduqca böyük həcmdə tranzit yüklərin daşınması imkanları yaradır:
“Bu imkanları tam reallaşdıra bilmək üçün tranzit yükdaşımalar sahəsində siyasətin çevikliyi təmin edilməlidir. Unutmaq olmaz ki, tranzit yüklərin daşınması üçün həmişə alternativ yollar mövcuddur və alternativ yollar bu sahədə rəqabət meydanı yaradır. Bu meydanda qalib olmaq üçün tranzit yükdaşımalar sahəsində mövcud olan və işin inkişafına əngəl törədən bütün problemlərin aradan qaldırılması vacibdir. Tranzit yükdaşıyan yükünün təhlükəsizliyinə tam təminat alarsa və yükü daşımaq üçün tariflər münasib olarsa, o, mütləq bu istiqamətlərdə olan yükünü Azərbaycan üzərindən daşıyacaq. Çünki dediyimiz istiqamətlərdə tranzit yüklərin Azərbaycan üzərindən daşınması vaxta qənaət etmək baxımından yükdaşıyanlara sərf edən ən yaxşı variantdır”.
F.Yusifov onu da əlavə edib ki, son bir neçə il ərzində Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir:
“Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub – Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal–Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən böyük Beynəlxalq Ticarət Limanının tikintisi bu sahədə yeni eranın təməlini qoydu.
Bakı-Tiflis-Qars dəmir yolu yola saldığımız ötən ildə istifadəyə verildi, Beynəlxalq Ticarət Limanının bir hissəsinin açılışı oldu, Şimal–Cənub nəqliyyat dəhlizinin istifadəyə veriləcəyi gözlənilir.
Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir.
Bu layihələrin icrası Azərbaycanı regionun ən böyük tranzit yükdaşımalar dəhlizinə çevirməklə Azərbaycan üzərindən milyonlarla ton yüklərin daşınmasına şərait yaratdı. Böyük həcmdə daşınacaq yüklər hesabına ölkəmizə milyardlarla dollar valyuta axını təmin ediləcək”.