Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli söyləyib. Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq 2020-ci ilin dövlət büdcəsinin təxminən 40 faizə yaxını sosial məqsədlərə ayrılacaq. 2020-ci ilin dövlət büdcəsində bu illə müqayisədə sosial məqsədlərə təxminən 5 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub. Və bu vəsait əmək haqqının artırılması və digər məsələlərə yönəldiləcək. Yəni gələn ildən pensiyalar və əmək haqlarında artımın olması ehtimalı var.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov “Sherg.az”a söyləyib ki, 2020-ci ildə pensiyaların indeksiyasiyası prosesi gedəcək:
“Bu identifikasiya nisbətən yüksək faizli olacaq. Eyni zamanda identifikasiya orta aylıq əməkhaqqının artım tempinə uyğun aparılacaq. Çünki 2020-ci ildə orta aylıq əməkhaqqı müəyyən sosial paketlərin təsiri nəticəsində artacaq. Amma əməkhaqqının artımı ilə bağlı digər göstəricilər detallı ictimailəşdirilməyib. Gələn ildən büdcədə sosial xərclərin payı artacaq.
Çünki 2019-cu ilin əvvəlindən etibarən bu sahədə əhəmiyyətli işlər görülüb. 2019-cu ilin dövlət büdcəsi təsdiq edilərkən sosial xərclərin payı cəmi 30 fazi ətrafında dəyişirdi. Amma bu il büdcənin 40 faizi sosial istiqamətli xərclərə yönəldiriləcək. Bu çox vacib məqamdır. Çünki ölkənin bu sahədəki vəziyyəti heç də ürəkaçan deyildi. Normal halda xarici dövlətlərdə büdcənin 70-80 faizi sosial istiqamətə yönəldilir. Amma Azərbaycanda vəziyyət bunun əksinə idi. Yeni qəbul edilən qərarlar müəyyən qədər bu nisbəti müsbətə doğru dəyişməkdədir. Ümid edək ki, növbəti dövrlərdə buna bənzər addımlar atılacaq”.