Dünya Bankının hesabatında Azərbaycandakı struktur islahatları yüksək qiymətləndirilib

Dünya Bankı Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrin iqtisadiyyatlarının cari vəziyyəti, maliyyə, biznes və investisiya sferalarında müşahidə olunan trendlərin ətraflı analiz olunduğu növbəti hesabatını açıqlayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildirilib ki, Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatları yüksək qiymətləndirilib. Qeyd olunub ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılması məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər öz müsbət təsirlərini göstərir. Belə ki, milli məzənnənin sabit qalması sayəsində son zamanlar bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına bu ilin birinci yarısında sektorun göstəriciləri yaxşılaşıb.

Hesabatda xüsusi olaraq, problemli kreditlərin azalmasının səbəbi kimi Prezident İlham Əliyev tərəfindən 2019-cu il fevralın 28-də imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının mühüm rol oynadığı vurğulanıb. Həmçinin 2014-2015-ci illərdə baş vermiş maliyyə çətinliklərindən sonra sektor üzrə kreditləşmə sahəsində aktivliyin yüksəlməsi, kreditlərin verilməsi əmsalının artdığı qeyd olunub.

Eyni zamanda, vurğulanıb ki, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək.

Kənan