"Bunun üçün hazırda Azərbaycanın iqtisadiyyatında kifayət qədər şərait var"
Dünən Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edib. Ölkə başçısı görüş zamanı bir sıra mühüm iqtisadi məsələlərə toxunub.
Ölkə başçısı bildirib ki, Azərbaycanda iqtisadi inkişafın dayanıqlı olması üçün mühüm tədbirlər görməliyik:
“Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var. Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır".
Prezidentin dediklərini Sherg.az-a dəyərləndirən millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın inkişafı üçün əsas amillərdən biridir:
“Ölkə başçısının dünənki çıxışını çox müsbət dəyərləndirirəm. Prezident sonuncu iqtisadi müşavirədə 9 aylıq hesabatlarla bağlı qeyd etdi ki, “inkişaf bizi qane edir, amma bizi qanet etməyən iqtisadi inkişafın artım tempinin ildən-ildə artırılmasıdır. Qeyri-neft sektorunun payına düşən daxili məhsulda da artım tempi çoxalmalıdır”.
Gələn ilə proqnozlar belədir ki, 3 faiz daxili məhsulun, 3.8 faiz qeyri-neft sektorunun artımı nəzərdə tutur. Düşünürəm ki, bu artım templəri cənab Prezidenti qane etmir. Tezliklə Azərbaycan iqtisadiyyatını neft amilindən uzaqlaşdırmalıyıq. Biz Azərbaycan ixracına baxanda gələn gəlirlərin 80 faizinin neftdən, 7.7 faizin qazdan, 2.68 faizin neft məhsullarından, 2.80 fazin isə aqro sektorun payına düşdüyünü görürük. Təbii ki, bu, çox az rəqəmdir, hədəflər dəyişilməlidir. Qeyri-neft sektorunun daha sürətlə artımı əsas iqtisadi hədəf olmalıdır. İldən-ilə qeyri-neft sektorunun artımını sürətləndirməliyik. Bunun üçün hazırda Azərbaycanın iqtisadiyyatında kifayət qədər şərait var”.
Professorun sözlərinə görə, iqtisadi hədəflərimizdən biri də kiçik və orta sahibkarlığın inkişafıdır:
“Cənab prezident bu sahədə göstərilən xidmətlərin həcminə xüsusi fikir verir. Kiçik və orta biznesdə istehsal olunan məhsullar və göstərilən xidmətlərin həcmini artırmalıyıq və 50 faizi keçməliyik. Bu rəqəm bütün Avropa ölkələrində, o cümlədən Almaniyada, İspaniyada, Yaponiyada 65 fazidən yuxarıdır. Yəni, işlər bu formada getsə, işsizlik minimum həddə düşə bilər. Ümumiyyətlə, bazar iqtisadiyyatında işsizliyi tam ləğv etmək mümkün deyil. Çünki bu bazar iqtisadiyyatının qanunudur. Bütün ölkələrdə belə problem mövcuddur.
Cənab Prezident infilyasiyanın artım tempinə də xüsusi fikir verir. Prezidentin məqsədi infilyasiyanı aşağı salmaq, 3 faiz ətrafında saxlamaqdır. Dinamik inkişaf edən ölkələrdə də infilyasiya 2.5-3 faiz ətrafında mövcud olur. Təbii ki, ölkəmizdə infilyasiyanı aşağı salmaq vətəndaşların real gəlirlərinə müsbət təsir edə bilər. Məhz buna görə də ölkə başçısı bu amillərə xüsusi önəm verir”.