“Cənab prezidentin də dediyi kimi Azərbaycan neft ölkəsidir. Ölkəmizdə enerji məhsullarının satışı və ixracı ilə yanaşı, qeyri-neft sektorunun inkişafı da prioritetdir”. Bu fikirləri Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, yeni iqtisadiyyat naziri ilə keçirilən görüşlərdə müzakirə edilən məsələlər ondan ibarət idi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı davamlı addımların atılmasına ehtiyac var:
“Prezident qeyri-neft sektorunun inkişafı ilə islahatların genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Əslində İqtisadiyyat Nazirliyində yeni sturukturun olması ondan ibarətdir ki, nazirlik qeyri-neft sektorunun inkişafında daha fəal iştirak edə bilsin. Xüsusilə sahibkarları maraqlandıran məsələlərin və hansısa problemlərin aradan qaldırılması istiqamətində real addımlar atmaq mümkün olsun. Bu baxımdan prezidentin söylədikləri qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərin prioritet olduğunu göstərir.
Azərbaycan neft satışından əldə etdiyi gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməkdə maraqlıdır. Aparılan son kadr və sturuktur islahatlarında da birmənalı şəkildə əsas məqsəd ondan ibarətdir ki, biz əldə etdiyimiz gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Son kadr dəyişiklikyindən sonra qeyri neft sektorunun inkişafı prioritet olacaq. Bu da növbəti illərdə ölkəmizin neftdən asılılığının aradan qaldırılmasına imkan yarada bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edib. Ölkə başçısı qeyd edib ki, iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir.