Dəyişikliklər mütləqdir: Bu, kadr islahatlarını vacib edir  – ŞƏRH

“Keçən il prezident seçkilərindən sonra İlham Əliyev çıxışında bununla bağlı danışmışdı. Dövlət başçısı bildirmişdi ki, bu il Azərbaycanda sosial-iqtisadi istiqamətdə indiyə qədər analoqu olmayan addımlar atılacaq, böyük bir sosial paket təqdim ediləcək".

Bunu Sherg.az-a Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatları dəyərləndirərkən, iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Heydərov xatırladıb ki, 2019-cu ilin dövlət büdcəsinin müzakirələri başlanan zaman genişmiqyaslı addımlar artıq bəyan olunmuşdu:



"Bu islahatların kökündə digər istiqamətdə paralel olaraq, aparılan islahatlar əsas rol oynayırdı. Hansı ki, ötən ildən ölkədə “kölgə iqtisadiyyatı”na qarşı ciddi mübarizəyə başlanıldı. Nəticədə ticarət obyektlərindən, özəl tibb müəssisələrindən və bu kimi yerlərdən milyonlarla vəsait üzə çıxarılaraq, dövlət büdcəsinə əlavə olundu. Vergi Məcəlləsinə üç yüzə yaxın dəyişiklik edildi. Həmin dəyişikliklər də “kölgə iqtisadiyyatı”nın həcmini azaltmaqla büdcəyə milyonlarla vəsaitin cəlb olunmasına yol açdı. Dövlət başçısının son müşavirələrindəki çıxışlarından, həmçinin Vergilər naziri Mikayıl Cabbarovun müəyyən açıqlamalarından aydın oldu ki, büdcəyə gözləniləndən də artıq vəsait əlavə olunub. İstənilən halda bu islahatların gedişi zamanı kadr islahatlarının aparılması zərurəti yaranır. Sonuncu kadr dəyişiklikləri də sırf bu zərurətlə bağlıdır. Bundan sonra da kadr dəyişikliklərinin şahidi olacağıq. Dünya bazarında neftin qiymətinin dəyişməsi kimi hallar bu il ölkədə artan əməkhaqlarına, pensiyalara təsiri etməsi əsassızdır. Çünki bu artımların kökündə neftin dünya bazarındakı qiyməti yox, elə bu islahatlar dayanır".