"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətində insanlarımızın daha da yaxşı yaşaması, dövlətimizin bütün istiqamətlərdə inkişaf etdirilməsi dayanır".
Sherg.az-ın xəbərinə görə, bu sözləri Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov yol təsərrüfatının yaxşılaşdırılması ilə bağlı danışarkən deyib.
Alimin sözlərinə görə, ölkə başçısı çıxışlarında, vətəndaşlarla görüşlərində birmənalı olaraq insanlarımıza xidmət etməyi özünün bir nömrəli vəzifəsi və borcu saydığını deyir:
"Ölkə başçımızın sərəncamları ilə hətta SSRİ dövründə belə yol olmayan ən ucqar yaşayış məntəqələrinə ən müasir və keyfiyyətli yollar çəkilib, kəndlər qaz və elektriklə təmin olunublar və proses davam edir. Bütün bunlar böyük miqdrada vəsaitdir və hətta o yaşayış məntəqələrinə yolar çəkiləndə belə ora qoyulan vəsaitin bir manatı belə büdcəyə qayıtmırsa dövlət yenə də insanlarımızın rahatlığı naminə buna gedir və bu cür sosial layihələri ardıcıl şəkildə icra edir. Cənab Prezident bu yaxınlarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrini qəbul edərkən yolların abadlaşdırılması ilə bağlı konkret tapşırıqlarını verdi.
Tapşırdı ki, bu Kürdəxanı qəsəbəsinin yollarının tam həcmdə təmir olunması nümunəsini digər Bakı ətrafındakı qəsəbələrin hamısının timsalında təmin etmək lazımdır. Bütövlükdə Bakıətrafı qəsəbələrin yollarının təmir və ya yenidən tikintisinin həcmini artıraraq ilin sonunadək 300 kilometrə çatdırılması planlaşdırılır. Bu ilk növbədə infrastruktur layihəsi olaraq qəsəbələrin abadlaşması, insanların rahatlığının təmin olunması, qəsəbələrin iqtisadi imkanlarının genişlənməsi, inkişaf etdirilməsi deməkdir. Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişaf planının tərkib hissəsi olaraq görülən işlər çərçivəsində yeni yol qovşaqlarının salınması şəhərin mərkəzi ilə yanaşı şəhərətrafı qəsəbələrin də inkişaf etdirilməsi perspektivinin gerçəkləşməsinin göstəricisidir".