2020-ci ilin dövlət büdcəsində “Qrantlar və digər ödənişlər” bölməsinə 409,4 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib. Bu məbləğ cəmi büdcə xərclərinin 1,5%-ə bərabərdir.
Bölmə üzrə vəsaitin 96,9%-i isə rezidentlərə, 3,1%-i qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlərin payına düşür.
Qeyd edək ki, qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlərə proqnozlaşdırılmış 12,6 milyon manat məbləğində vəsaitin 95,2%-i “Ümumi dövlət xidmətləri” bölməsindən xarici dövlətlərə verilən qrantların və digər ödənişlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyinə ayrılıb.
Qeyri-rezidentlərə nəzərdə tutulmuş cəmi vəsaitin 4,8%-i də həmin Nazirliyə beynəlxalq təşkilatlara qrantların verilməsi üçün “İqtisadi fəaliyyət” bölməsində nəzərdə tutulub.
Rezidentlərə qrantlar və digər ödənişlərlə bağlı vəsaitin 394,1 milyon manat Naxçıvan Muxtar Respublikasına dotasiya və yerli büdcələrə verilən dotasiya və subvensiya üzrə, 2,7 milyon manat məbləğində vəsait isə tam məbləğdə “Təhsil” bölməsində təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər çərçivəsində proqnozlaşdırılıb.