İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iclasında büdcə müzakirələrinə qatılıb. Sherg.az-ın xəbərinə görə, nazir deyib ki, Azərbaycanda sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverləri işə salınmalıdır. Cabbarovun sözlərinə görə, Azərbaycanda ÜDM-nin 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı, habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı üç il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir:
“Neft-qaz sektorunda 2020-ci ildə 1.6 faiz, növbəti illərdə orta hesabla 3 faiz artım proqnozlaşdırılır. İqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun 2020-ci ildə 3.8 faiz, növbəti illərdə isə orta hesabla 3.5 faiz artacağı proqnozlaşdırılır. Cari ilin doqquz ayında qeyri-neft sənayesində əlavə dəyər 16.6 faiz artıb. Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz, növbəti illərdə 7 faizdən çox artım proqnozlaşdırılır”.
Nazir qeyd edib ki, Azərbaycanda "kölgə iqtisadiyyatı" ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb:
"Növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir".