Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi bu gün başlayıb. Sherg.az-ın xəbərinə görə, millət vəkilləri parlamentdə hökumətə təkliflərini səsləndirirlər.
Millət vəkili Vahid Əhmədov büdcə haqqında danışarkən deyib ki, Azərbaycanın 2020-ci ilin dövlət büdcəsi, makroiqtisadi göstəricilər nəzərə alınmaqla, müsbətdir:
"Büdcə gəlirlərində torpaq, əmlak, yol vergilərinin əsaslı olmadığı göstərilib. Yeddi il müddətinə həmin sənaye parkları vergidən azad edilib. Amma baxırıq ki, İqtisadiyyat naziri daha üç il həmin sənaye parklarını vergidən azad etmək istəyir. Hesab edirəm ki, bu yeddi il kifayətdir ki, həmin sənaye parkları işləsinlər və dövlət büdcəsinə vergi ödəsinlər. Onu da deyim ki, bəzi müəssisələrin gəlirləri ilə bağlı araşdırmalar aparılmalıdır. Büdcə xərclərinə nəzarət gücləndirilməlidir. Həmçinin düşünürəm ki, məmurların gəlir deklarasiyası verməsi məsələsi də vacibdir. Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Mən Baş nazirdən xahiş edirəm ki, o sənəd hazırlansın və gələn ilin yanvarından qüvvəyə minsin”.