Parlamentdə çağırış: "Hökumət həmin şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır"

Milli Məclisdə gələn ilin Dövlət Büdcəsi layihəsi bu gün də müzakirələrlə davam etdirilib. Sherg.az-ın xəbərinə görə, iclasda millət vəkili Zahid Oruc vurğulayıb ki, son iki ildə yeni iki Baş nazirin iştirakı ilə büdcə layihəsi müzakirə olunur:

"Heç şübhəsiz ki, burada bir məna var. Cənab Prezident ötən 10 illər ərzində Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, yeni çağırışları qarşıya qoyub. Ciddi mənada hökumətdə dəyişikliklərə gedilib. Nazirlər Kabinetinin yeni tərkibindən cənab Prezidentin son bir ayda qabarıq şəkildə irəli sürdüyü çağırışlarla daha artıq məşğul olmasını gözləyirik. Hesab edirəm ki, hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır. Cənab Prezident yeni elitanı formalaşdırır.



Bu, həm də hökumət və dövlət strukturklarını əhatə etməkdədir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Düşünürəm ki, ölkə başçısının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır. Prezidentin öz ifadəsi ilə söyləsək, bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər. Özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır. Ümumilikdə Büdcə layihəsini yüksək qiymətləndirirəm. Bu əhalinin rifahının yaxşılaşmasına xidmət edəcək".