Naxçıvan və bütün regionlara investisiya cəlb edilməlidir - AKTUAL

“Prezident İlham Əliyev ilin əvvəlindən güclü və çoxsaylı islahatlar həyata keçirməkdədir”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, idarəçiliyin modernləşməsi və dövlət qarşısında olan çağırışlara daha adekvat və çevik şəkildə cavab vermək üçün yeni kadrların təyin edilməsinin şahidi oluruq: 

“Dövlət başçısı bir neçə dəfə məmurlara səslənərək əhalinin problemlərini vaxtında həll etməyi tələb edib. Prezidentin bir sıra məmurları şəxsən qəbul etməsi də bununla bağlıdır. Dövlət başçısının Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədri Vasif Talıbovla görüşündə Naxçıvanın dotasiyalı region olduğunu vurğulayıb.



Bilirsiz ki, Naxçıvanın yerli gəlirləri cəmi 22 faizi təşkil edir. Ölkə rəhbəri bildirdi ki, Naxçıvanda iqtisadi inkişaf tam təmin olunmalıdır. Məlumdur ki, Azərbaycanda regionların əksəriyyəti dotasiyalı bölgələrdir. Naxçıvan Azərbaycan üçün strateji önəm daşıyır. Orada kredit sisteminin yüngülləşdirməsi, Türkiyə və İran sahibkarları üçün güzəştli kreditlərin ayrılması, investisiyaların cəlb olunması təkcə Naxçıvanın deyil, bütövlükdə Azərbaycan büdcəsinə faydalı olar. Bütün regionlar bu praktikanı tətbiq etməlidirlər. Prezident də hər zaman icra başçılarına iqtisadi inkişafla bağlı öz tövsiyyələrini verir. Bu tövsiyyələri vaxtında reallaşdırmaq lazımdır”.