Kirayə mənzillər də vəziyyəti düzəltməyəcək - İlkin ödəniş yüksək olacaq?

Gələn ayın ikinci yarısından kirayə mənzillərə müraciət başlayacaq. Bu haqda İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib ola biləcəklər.

Mənzili kirayə edən vətəndaşın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.

Fondun açıqlamasını “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, mənzillərinin bu formada satışa çıxarılmasında özəl tikinti şirkətlərinin və fiziki şəxslərin özlərinin də marağı olmalıdır. Çünki bu prosesdə dövlətin əlində olan mənzil fondundan istifadə olunmayacaq: 



Natiq Cəfərli: “Bu prosesdə daha çox özəl tikinti şirkətlərinə müraciət olunacaq”


“Bu prosesdə daha çox özəl tikinti şirkətlərinə və ya mənzil sahibi olan ayrı-ayrı fiziki şəxslərə müraciət olunacaq. Sadəcə, problem ondadır ki, burada ilkin ödənişin kifayət qədər yüksək olması gözlənilir. Hətta ola bilər ki, əmlak sahibi mənzilin qiymətinin yarısını ilkin ödəniş kimi tələb etsin. Həm də evini bu formada satışa çıxaran fiziki şəxslər vətəndaşla 15-20 illik müqavilə bağlayarkən inflyasiyanı, manatın taleyini də nəzərə alacaqlar”.

İqtisadçının sözlərinə görə, bütün bu mexanizmlər çox dəqiqliklə hazırlanıb tərəflərə təqdim edilməlidir:

“Yəni, müqavilə həm vətəndaş, həm də tikinti şirkəti üçün əlverişli olmalıdır. Hesab edirəm ki, tikinti şirkətləri daha çox qısa müqavilələr bağlamaqda, əhali isə əksinə, uzun müddətli müqavilələrdə maraqlı olacaq. Maraqların uzlaşması nə qədər effektli olsa, sözügedən mexanizmin çalışması şansı da o qədər çox olacaq. Yox əgər tərəflər arasında razılaşma alınmasa, az sayda mənzillər bu formada satışa çıxarılacaq”.