Rüfət Quliyev:“İnsanların işləyib, qazanc əldə etməsi, emal müəssisələrinin inkişafı xalqa, dövlətə və büdcəyə gəlir gətirəcək"
Dekabrın 19-da Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
Müşavirədə giriş nitqi söyləyən dövlətimizin başçısı bunları qeyd edib:
“Biz bu gün pambıqçılıq sahəsində görülmüş işlərə yekun vuracağıq. Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik. Eyni zamanda, biz bu gün növbəti illərdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparacağıq və təkliflər səslənəcək ki, bundan sonra da pambıqçılıq uğurla inkişaf etsin. Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, ta qədim dövrlərdən Azərbaycan ərazisində pambıqçılıqla kəndlilər məşğul olmuşlar”.
Azərbaycanda pambıqçılığın inkişafı mühüm sosial əhəmiyyət daşıdığını bildirən millət vəkili Rüfət Quliyev diqqətə çatdırıb ki, pambıqçılıq Azərbaycanda ənənəvi bir sahədir və onun inkişafı üçün ölkəmizdə coğrafi baxımdan təbii və mübit şərait var:
"Sovet vaxtı pambıqçılıq bir çox rayonlarda inkişaf etmişdi və yaxşı nəticələr də əldə edilirdi. Təbii ki, ötən əsrin 90-cı illərindən sonra müəyyən problemlər yarandı. İndi isə prezident İlham Əliyevin başçılığı altında artıq dövlət tərəfindən də bu sahəyə xüsusi diqqət yetirilir. Dövlət başçısı da dedi ki, pambıqçılıqla məşğul olan hər bir şəxsin bundan qazancı olmalıdır. Ona görə hesab edirəm ki, Azərbaycanda pambıqçılıq mütləq inkişaf etməlidir, çünki bu sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Hər bir sahədə kommersiya-sosial maraqları olur. Amma sosial-kommersiya layihələri də olur. Səmimi demək lazımdır ki, pambıqçılıq Azərbaycanda daha çox məhz sosial-kommersiya layihəsidir. Çünki pambıqçılıq rayonlarda kifayət qədər işsizliyi aradan qaldıracaq. Xeyli sayda insanın məşğulluğu təmin olunacaq. Yəni, bizim üçün bu gün pambıqçılığın sosial tərəfi kommersiya maraqlarından daha üstündür. Təbii ki, insanların işləməsi, qazanc əldə etməsi, emal müəssisələrinin inkişafı həm xalqa, həm də dövlətə və büdcəyə yalnız xeyir gətirəcək".
Millət vəkili hesab edir ki, biz pambığı əkib-becərdikdən sonra onu yalnız xammal kimi satmamalıyıq:
"İstənilən xammalı emal edib hazır məhsula çevirəndə onun dəyəri və qiyməti daha da artır, əldə olunan qazanc daha çox olur. Yəni, biz pambığa əlavə dəyər qazandırmalıyıq. Biz pambığı dünyaya "Made in Azerbaijan" brendi ilə təkcə xammal şəklində yox, həm də hazır məhsul formasında çıxaraq. Təcrübə göstərir ki, o ölkələr ki, son 60-70 ildə pambıqdan yağ, iplik, parçalar, onlardan tikilən geyimlər və s. hazırlayırlar, onlar daha çox qazanc əldə edirlər. Əgər biz işi bu səviyyədə qura bilsək, hətta həmin pambıq məhsullarının ixracını da edə bilərik. Ona görə də dövlət əlavə olaraq pambıqdan istehsal olunan məhsulların ölkəmizə gətirilməsini də nəzərə alaraq proteksionist siyasət yeridə bilər. Daxili bazar və yerli istehsalçı qorunmalıdır. Bu mənada hesab edirəm ki, pambıqçılıq önəmli sahədir və onun inkişafı dövlətə və millətə faydalı olacaq".